Şəhid Feyruz Cəlilovun xatirəsi anılıb

Avqustun 31-də Siyəzəndə Birinci Qarabağ müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan, Azərbaycanın ilk hərbi pilotlarından olan Feyruz Cəlilovun xatirəsi anılıb.

Qəhrəman pilotun ailə üzvlərinin, şəhid analarının və kənd sakinlərinin iştirak etdiyi anım mərasimi şəhidin doğulub boya-başa çatdığı Məşrif kəndində təşkil edilib.

Mərasimdə çıxış edənlər 34 yaşında şəhid olmuş F.Cəlilovun şərəfli ömür və döyüş yolu haqqında danışıblar.

Feyruz Xanbala oğlu Cəlilov 1957-ci il mayın 30-da anadan olub. Orta məktəbi bitirdikdən sonra Ukraynada Kremençuq Mülki Aviasiya Təyyarəçilik Məktəbində təhsil alıb. 1981-ci ildə Zabrat aviamüəssisəsində əmək fəaliyyətinə başlayıb. 1986-cı ildə istehsalatdan ayrılmadan Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna daxil olub və 1992-ci ildə təhsilini uğurla başa vurub.

Kapitan Feyruz Cəlilov Qarabağ müharibəsinin ən qızğın vaxtında könüllü olaraq əməliyyatlara qoşulub. Həmin illərdə Azərbaycan hərbi aviasiyasının şəxsi heyəti mülki aviasiyanın pilotları hesabına formalaşırdı. F.Cəlilov Kəlbəcər və Ağdərə rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət və igidlik göstərib. 1993-cü il avqustun 31-də onun idarə etdiyi helikopter Qubadlı səmasında ermənilər tərəfindən vurulub və uçuş heyəti həlak olub.

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Feyruz Cəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Şəhidin bacısı Ədilə Mustafayeva, həyat yoldaşı Səlimə Cəlilova çıxış edərək, Feyruz Cəlilovun gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu, şəhidərimizin xatirələrdə əbədi yaşayacağını bildiriblər.

Anım mərasimində çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, qəhrəman hərbçilərimizin döyüş yolundan danışıblar.

Şəhid pilot Feyruz Cəlilovun nəvəsi qəhrəman babası haqqında yazılan şeiri səsləndirib.

Mərasimin sonunda Feyruz Cəlilovun anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png