Bu yazı tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, Turan Araşdırma Mərkəzi İB-nin qurucusu və sədri, məşhur “91-lər” dən və YAP Ağsaqqallar Şurasının üzvü olmuş, mərhum professor Əjdər Tağıoğlunun (İsmayılovun) hələ SSRİ dönəmində – ötən əsrin 1990-cı ilində “Azərbaycan” jurnalında çap edilmişdir.
Mövzunun aktuallığının nəzərə alaraq həmin məqaləni oxuculara yenidən olduğu kimin təqdim edirik.
İnsan təbiətin övladıdır. İnsanın ilkin Allahını təbiətdə Anada axtarmaqla, təbiəti – Ananı Allahlaşdırması təbiidir.
Deməli, “insan təbiətin övladıdır” hikmətinə zərrəcə şübhə ola bilməz. O bəlli deyil ki, görəsən, dünyada elə millət varmı o təbiətdən deyil, iki millətin zinasından dünyaya gəlmiş olsun? Varsa da, bilmirik. Bildiyimiz budur ki, dünya ermənilərinin mənəvi atası Vazgen “övladlarım” – deyə, erməni millətinə müraciət edərək tədricən özgə torpaqlarına yayılmağı, orada möhkəmlənməyi və həmin ölkələrdə ev sahibinə çevrilməyi nəsihət edir. O, Qara dəniz sahilinə, Krasnodar vilayətinə, hətta Moskva ətrafına və başqa “gözəl, rahat” yerlərə sahib olacaqları ümidilə yaşayır, erməni millətinin gələcəyini bunda görür…
Bu çağırışları eşitməzdən bircə il əvvəl Ermənistanda Əzizbəyov rayonunun azərbaycanlılar yaşayan kəndlərinin birində (kənddə 1950-ci illərdə Təbrizdən gəlmiş beş erməni ailəsi də yaşayırdı) ixtisasca mühəndis olan Aramayis adlı bir erməni ilə tanış oldum.
Növbəti səfərimdə dostum, hər dəfə olduğu kimi, ürəyinə yaxın adamları mənim başıma topladı, təndir saldı, kabab hazırladı. Qədəhlər dolub – boşaldıqca söhbət oradan-buradan düşdü, gah arandan keçdi, gah dağdan aşdı, nəhayət, “erməni genosidindən” başlayaraq 1918-1920-ci illərdə Antanta qüvvələrinə söykənən erməni millətçilərinin bizim ata-babamıza tutduqları divan üstünə gəlib çıxanda Aramayis dedi:
– Əziz kirvələr, kim nə deyir-desin, mən insafı əldən verəsi deyiləm: bizimkilər türkləri qırıblar, türklər də bizimkiləri. Ağılsızlıqdır. Sizdə məsəl var ki, günah öldürəndə deyil… Bizim bəzi iddiaçılar özgə torpaqlarına sahib olmaq azarına düşübmüşlər. İtin gözünü qan örtəndə balasını da parçalayar. Ara, bir də bizimkilərin sayı dünyada bir balaca artdı, qırılmalıdır, əlacı yoxdur, vəssalam. Tarix belə göstərir. Yerevanda yenə belə araqarışdıran “millət sahibləri” baş qaldırıb. Özünü hamıdan ağıllı sayan bizimkilər milləti yenə oda salacaqlar. Bizimki qalıb Allaha. Kirvə, araqarışdıran Balayana bir deyən gərək, ara, köpək oğlu, hər zaman süfrəsinin yuxarı başında əyləşdiyim bir adama mən necə əl qaldırım, necə deyim, “çıx get dədə ocağından”, necə yamanlıq edim? İt itliyi ilə ona çörək atana hürmür, ay kirvə! Ay astvas!
Aramayis saçını yolurmuş kimi iri əlləri arasına aldığı başını əsəbi-əsəbi sıxmağa başladı.
-Ara, Aramayiscan, ağzına qurban – deyə, süfrədə əyləşmiş başqa iki erməni də narahatçılıqlarını bildirdilər…
Başqa bir qarşılaşma
Bakıda yaşayan qohumum Roza adında erməni qonşusunun son hadisələrdən sarsılaraq “səmimi” etirafını mənə danışdı:
“Bizim millətin başçıları axmaqdırlar. Bir deyən yoxdur, ara, bu pısqırıq nə idi qaldırdınız? Yaxşı, qaldırmaqla nə qazanacaqsınız? Torpaq istəmirsiniz, onsuz da torpaqları yavaş-yavaş, tuta-tuta gəlirdiniz da”.
Qonşunun qonşuya dediyi bu sözlərin səmimiliyinə nə arxa çevirmək lazımdır, nə də haqq sözü qəribliyə salmaq gərəkdir!
….Azərbaycan xəritəsi qarşımızdadır; qonşu qarşısında səxavətlə açılmış zəngin süfrəyə bənzəyir. Ürək saflığından başda əyləşən qonaqlar ləziz yeməklərdən yedikcə süfrəni ustalıqla qatlaya-qatlaya öz işlərində idilər. Erməni qızı haqq söz deyirdi. Əgər son “pısqırıq” qopmasaydı, daşnak həyasızlığı zilə qalxmasaydı, şübhəsiz, “millət atalarının” ölüm laylaları bizləri o zamana kimi fil qulağında yatırdacaqdı ki, gizli sazişçilər qatlaya-qatlaya gətirdikləri süfrəni büküb ona sahiblənəcək, övladlarımızı “Xəzərin dibinə tökəcəkdilər” (Z.Balayan).
Azərbaycan və Ermənistan ərazisində azərbaycan türklərindən olan “xain düşmənlərin” nəsillikcə kütləvi sürgünü məhkəməsiz, şahidsiz qırğınlar, Ermənistanda azərbaycanlılar yaşayan kəndlərin zülmlə boşaldılması, adamların dədə ocaqlarından sitəmlə qopardılması stalinizm irticasından qidalanan bu qəddarların – daşnak qəddarlarının növbəti planları ilə əlaqədar idi.
Bəs indi? İndi dünya tarixində misli görünməmiş bir cinayət baş verib. Ermənistanda olan bütün azərbaycan türkləri zorla öz dədə-baba torpağından qovulub. Sivilizasiyanın belə inkişaf çağında, “demokratiya”, “humanizm” deyə bar-bar bağıran dövlətdə bu cür deportasiyaya adi nəzərlə baxırlar.
Canlı şahid – Şərur rayonunun Sədərək kənd sakini, 1905-ci ildə anadan olmuş, 1928-ci ildə 17 nəfərdən ibarət ilk kolxoz yaratmış, Berlinin alınması uğrunda gedən döyüşlərdə “Qırmızı Ulduz” ordeninə layiq görülmüş, müharibə və əmək veteranı, fərdi təqaüdçü Cəfərov Cəfər Kəlbəməhəmməd oğlunun eşitdikləri və gördüklərindən yeri gəldikcə oxucuya çatdıracağam…
…1918-1919-cu illərdə Antantanın qüvvəsinə ümid bağlayan erməni daşnak quldur dəstələri Şərura hücum edərkən, kəndlərimizi oda qalamış, abadlıqları xarabaya çevirmiş, əhaliyə divan tutmuşlar. Lakin fürsət tapanlar Arazı adlayıb Güney Azərbaycana pənah apara bilmişlər. Naxır-naxır mal-qarası, sürü-sürü qoyun-quzusu, ilxıları, dəvə karvanları, nəhayət, bütün sərvəti yağmalanmış Sədərək qlavalının dinc əhalisi, Naxçıvan ölkəsinin başqa kənd camaatı kimi doğma yurdlara qayıdanda dilənçidən seçilmirdilər. Onlar ata ocaqlarında məskən salmaqdan ehtiyat edib Sədərək kəndində yerləşməyi qərara aldılar. İrəvanda Sovet hakimiyyəti qələbə çalandan sonra kərkililər və cəfərlilər öz məskənlərinə – dədə ocaqlarına üz tutsalar da, xarabaya çevrilmiş kəndlərdə yaşamağın mümkün olmadığını görüb Sədərək kəndinə yaxın yerlərdə yeni məskən salırlar. Yeni Cəfərli vəYeni Kərki kəndləri belə yaranır.
1920-ci ildə Gümrü müqaviləsinə əsasən Naxçıvanın Türkiyə inzibati ərazisinə daxil edildiyi çağda Çar Rusiyası dövrünün inzibati ərazi bölgüsü, yəni, İrəvan uyezdi ilə Şərur qəzası arasındakı mövcud sərhəd olduğu kimi saxlanılmışdır. Həmin bölgü ilkin rəsmi dövlət sənədlərində (Cəfər kişi həmin sənədləri şəxsən görmüşdür) aşağıdakı şəkildə göstərilsə də, 1950-1960-cı illərdə saxta sənədlər və onlara uyğun xəritələr tərtib edilmişdir. (Bu saxtakarlıq Naxçıvan vilayətinin min hektarlarla torpağının əldən çıxmasına, Kərki kəndinin doğma ölkədə mühasirəyə düşməsinə gətirib çıxarmışdır).
Sədərək qlavalığı ilə İrəvan uyezdi arasında olmuş sərhəd xəttinə diqqət edin. Xətt boyu göstərilən yaşayış məntəqələri, dağ-örüş yerləri 1960-cı illərə qədər Ermənistanın saxta inzibati-xəritəsinə alınmışdır.
Araz çayı, Yaycı kəndi, “Şatır günbəzi” (yerində-Armaş kəndi), köhnə Kərki kəndi, Cəhənnəm dərəsi, Köhnə Cəfərli kəndi boyu uzanıb gedən Sədərək qlavalığının hüdudlarının davamı olan Şərurun başqa sərhəd məntəqələri də Çanaxlının (indiki Sovetaşen kəndi) baxarından Palantökən dağ zirvəsilə Günnut dağına, Kalafa ağıl, Daş xırman, Qozulca kəndi, Civə kəndi, Danzik kəndinin üstündən dağ silsiləsi boyu Arpa çayına, Arpa (indi Areni) kəndinə, oradan düz xətlə Xəçik, Əmoğlu, Genişik, Horadiz kəndlərinin torpaqlarından keçən sərhəd –bütün bu yerlər ifrat erməni millətçilərinin təcavüzünə məruz qalmışdır.
Əlbəttə, biz nə Şərur qəzasının, nə də Naxçıvan, Şahbuz, Ordubad əyalətinin Dərələyəz uyezdi ilə olmuş sərhədini tam göstərmək məqsədi güdmürük. Marağımız ancaq Azərbaycan çölündən keçən sərhədin Cəfərli və Günnut kəndlərinə qədər uzanmış hissəsi ilə bağlıdır.
Bəs eyni doğma torpağın “parçala, hökm et!” siyasəti əsasında parça-parça, tikə-tikə (məhəlləçilik, yerliçilik azarı, toxumu səpməyə çalışaraq, doğmaları yadlaşdırmaq, onları bir-birinin düşməninə çevirmək siyasəti) etmiş qəddar müstəmləkəçi Çar Rusiyasının müəyyənləşdirdiyi, yuxarıda nişan verdiyimiz sərhədin sonrakı taleyi necə olmuşdur?
13 oktyabr 1921-ci ildə bağlanmış Qars müqaviləsi əsasında müəyyənləşdirilmiş sərhəd əvvəlki hüdud göstəricilərindən fərqli təqdim edilir. Başqa sözlə, Qars müqaviləsi adı altında hüdud protokolu da, onun əsasında tərtib edilmiş xəritə də adama şübhəli və qondarma gəlir. Nə üçün?
Əvvəla, bir il əvvəl, yəni 1920-ci ildə Türkiyənin tərkibinə daxil edilmiş Naxçıvan ölkəsi ilə İrəvan uyezdi arasında olmuş sərhəd xətti yuxarıda haqqında söhbət getmiş kəndlərin ərazisindən keçib gedirdi. Onun əsasında da sərhəd xəttini nişan verdik. Şübhəsiz, bu dövrdə erməni millətçilərinin sərhəd dəyişikliyi marağından söhbət gedə bilməz. Çünki İrəvanın özündə sovet hakimiyyətinin təşkilində Qırmızı Ordu hissələrilə yanaşı, həm Naxçıvan və İrəvan quberniyasının ayrı-ayrı uyezdlərindən olan azərbaycanlı igidlərdən ibarət Qırmızı tabor, həm də Kazım Qara Bəkir paşanın komandanlığı altında türk döyüşçüləri iştirak etmişdilər. Türkiyə hökuməti də Naxçıvan ölkəsinin könüllü surətdə, lakin müəyyən şərtlərlə Sovet Azərbaycanının tərkibinə daxil edilməsinə razılıq vermişdir.
İkincisi, 1940-cı illərin sonlarınadək Şərur camaatı, daha dəqiqi, sədərəklilər qaçaqaçdan (1918-1919-cu il daşnak basqını dövrü) sonra Sədərəkdə məskən salmış Yaycı, Asnı və Məmməd Tənifə oğlu kəndlərindən sağ qalmış adamlar öz ata-baba torpaqlarını əkib becərmişlər.
Bəs qaçaqaç illərində daşnak-quldur dəstələrinin xarabalığa çevirdiyi Yayçı kəndinin torpağında 1950-ci illərdə Armaş kəndi salınarkən Azərbaycan dövləti, habelə Naxçıvan vilayətinin rəhbərləri, nəhayət, sədərəklilər və onlara sığınmış yaycılılar nə fikirləşirdilər?
Təbiidir ki, qanlı stalinizm dövründə bizim xalqın əvəzinə dini–imanı bəlli olmayan Bağırov və millətimin qanını ovuc-ovuc içən qriqoryanlar, yemelyanovlar və bu sıradan olan, Naxçıvanda rəhbər vəzifələr ələ keçirmiş daşnak balaları və onların dəyirmanlarına su axıdan satqınlar “fikirləşirdilər”.
Özgə torpaqlarına tərtib etdikləri saxta xəritələrdə, həya etmədən yazılan cızmaqaralarda müştəri çıxmaq, erməni millətçilərinə ata-babadan qalma mirasdır. İş belə olduğu halda, Avropa inkivizasiyasından seçilməyən 1937-ci il dəhşətlərində kirpiyi ilə od götürən bir millətin danışmağa dili vardımı ki, üstəlik də hələ, siyasi təcavüzə məruz qalmış torpaqlarının iddiasında olsun?
Tarixin şahidi Cəfər Cəfərova sual: – Cəfər dayı, 1949-1950-ci illərdə Yaycı kəndi ərazisində “Şatır günbəzi”nin yerində Armaş kəndi salınarkən Sədərək camaatı hansı hisslərlə yaşayırdı? Qonşunun bu hərəkətinə necə baxırdı?
CƏFƏR CƏFƏROV: – Xəbər gəlib çatdı ki, qonşular Yaycı torpaqlarına keçib hazırlıq işləri aparırlar və orada iki kənd (indiki Armaş və Surenavan kəndlərini) salmaq istəyirlər və həmin kəndlərə də İrandan köçürülən erməni mühacirlərini yerləşdirəcəklər. Fikirləşdik ki, lənət şeytana, bizim vəzifə sahibləri xaraba kəndlərimizi onsuz da abad etməyəcək, onlar da insandılar, onların da Allahı var, qoy yaşasınlar. Həm bu tərəfimiz boş qalmaz, şənlikli olar, həm də ocağa sığınanı qovmaq olmaz, Allah adama qarğıyar.
Sədərəkdən dəstə-dəstə adamlar iri-iri daşların yığılmasında, kənd salınacaq torpağın hamarlaşmasında qonşulara köməyə gedirdi. İrandan gələn mühacirlərin sayı gündən-günə artırdı. Sərgərdan qalmış camaatı payıza qədər isti ocaq başına yığmaq gərək idi. Tez bir zamanda bir-birimizə gedən-gələn olduq, süfrələri yenidən birləşdirdik, özümüzə kirvələr də tapdıq. Beləcə yaşadıq uzun illər.
Arazdöyən dəmir yolu binasında Armaşa doğru olan Yaycı torpağının bir qismini bu illərdə biz yenə əkirdik, su tutmayan yerlərdə (indiki Kərki yolu boyu çöllərdə) mal-qara otarırdıq. Aradan bircə il keçmişdi. 1952-ci ildə C.Cəfərov Sədərəkdə sovet sədri işləyərkən Vedi rayonundan üç nümayəndə onun yanına gəlir. Cəfər kişi qonaqlara bildirir ki, düzdür, torpağın sahibi bizik, ancaq bu iş üçün ya rayon rəhbərlərinə, ya da vilayətə müraciət etsinlər. Qonşuların məqsədi guya Arazdöyən-Kərki-İstisu (sonralar Çermuk) yolunu çəkmək imiş. Əslində bu planın arxasında xəbis, riyakar, şər qüvvələr dayanırdı. Əli, ürəyiaçıq qonşunu qara hörümçək toruna salacaq erməni siyasəti Yerevanı Gorusa, Qafana, Qarakilsəyə (adını dəyişib Sisiyan qoydular) birləşdirəcək baş yolla “Böyük Ermənistan” planının müəyyən mərhələsini həyata keçirmək qəsdi güdürmüş. Bu gün Qubadlı, Laçın, habelə Qarabağın azərbaycanlılar yaşayan başqa kəndlərini məhv edən, dədə torpağında erməni müstəmləkəçiliyində yaşayan azərbaycanlı əhalini didərgin salmaq üçün ölüm yükü daşıyacaq yol!
Qonşuların yolla bağlı get-gəli günlərlə, həftələrlə uzanır, ancaq rayon rəhbərliyi razılıq vermirdi. Lakin V.Axundovun hakimiyyəti illərində həm Azərbaycan, həm də Naxçıvan vilayətində məsul vəzifələrdə işləyən ermənilər və ermənipərəst namus alverçiləri işə qarışmaqla qonşuların şərikli planının həyata keçirilməsinə imkan yaratdılar.
CƏFƏR CƏFƏROV: – Qonşularımız məhz torpaqlarımız üçün Sədərək kolxozunun hesabına on yeddi minə yaxın pul köçürdülər. Elə ki, yol hazır oldu, Noraşen stansiyası ətrafında olan tikinti materialları bazası (bu materiallar əvvəllər Noraşen-Danziq və Arpa kənd yolu ilə daşınırdı) icazəsiz təzə məhsulunu yığdığımız Arazdöyən düzündəki əkin yerlərinə köçürüldü.
Bir gün yuxudan duranda gördük ki, Arazdöyən stansiyasındakı dəmir yolu binası ilə yenicə bünövrəsi qoyulan Armaş kəndi arasında taxta–şalban, cüt-kotan, dəmir-dümür dağ kimi qalanıb. Sədərəklilər onda bildilər ki, xain qonşunun abadlığındansa, Yaycı kəndinin xaraba qalması daha yaxşı imiş. Biz istəmirdik ki, “Şatır günbəzi”nin, Yaycı kəndinin xarabalıqlarını övladlarımız görsünlər. Amma… Sən saydığını say…
Sədərəklilərin haqlı tələblərinə əsasən birgə komissiya təşkil edilir. Həyasızlığın dərəcəsinə bax ki, dünən Armaşa könüllü kənd yeri verən, bu gün əkin yeri, mal-qara otlağı zəbt edilən camaata sübut etməyə çalışırdılar ki, bu torpaqlar tarixən qonşularındı. Bu necə tarixdir? O qəddar tarixi kimdir yazan?! Axı, klassik həyasızlığa qarşı müdrik səbrin də bir həddi-hüdudu var!
Qonşuları aydan-arı, sudan-duru çıxarmağa çalışan vilayətin səlahiyyətli şəxsləri kimlərdir: Vilayət torpaq naziri daşnak Markarov (Markaryan), vilayətin Baş Yer quruluşçusu Aleksandr Kazmiroviç Mazurkeyeviç (polyak) və Azərbaycan Respublikasının başqa nüfuzlu daşnak ideyalı rəhbərləri…
Torpaqlarımızın dərinliyinə qarış-qarış irəliləmək üçün tərtib edilmiş daşnak planına istənilən qədər sübut var. Hamısı haqqında təfsilatı ilə məlumat verməyə də ehtiyac yoxdur.
Qonşu ocağına göz dikmiş ocaqsızlar, yurdsuzlar, öz təcavüzkar planlarını gizli həyata keçirməkdə davam edirdilər. Xalqdan xəbərsiz torpağımızı hərraca qoymuş başbilənlərimiz bu dəfə 1969-cu ildə cansız kağızların hökmü ilə yurdumuzu dağıtdılar. Bu xəyanət son zamana qədər gizlədildi, fürsət axtarıldı. “Gizlində Buğaya gələn bir gün aşkara doğar” deyiblər. Belə də oldu. 1985-ci ildə Mərkəzdə arxa tapan daşnaklar həmin plan əsasında təkrar hücuma keçdilər və şərab zavodunu Məmməd Tənifə oğlu kəndinin yerində ucaltdılar. Qonşular bundan sonra da sakitləşmədilər. Bizimkilər Sədərəyin ərik bağında şərab zavodunu tikdilər ki, ermənilər bir daha qabağa irəliləməsinlər. Ancaq ermənilər haray-həşir saldılar. Oğru elə bağırdı ki, doğrunun səsini batırdı “fəryadı” Moskvaya çatdı, hamilər “zülm edilən” ermənilərə köməyə tələsdilər. Guya onların dədə torpağı zorlanıb, zavod salınıb…
Qonşular bütün qüvvələri səfərbərliyə aldılar, Moskvada aşağı-yuxarı təşkilat qalmadı ki, bu tələblə qapısını döyməsinlər; azərbaycanlılar ya “bizim yerdə” saldıqları zavodu sökməlidirlər, ya da əvəzinə torpaq verməlidirlər.
“Bizimkilər”in mənliyinə çoxdan bələd olan erməni millətçilərinin sınaqdan çıxmış ifrat həyasızlıqları nəticə verir. Onlar “Həsən Qulu” ağac meşəsini ələ keçirib neçə illərin ərik bağını, meşəsini üçcə gündə yer üzündən sildilər.
Vəli Axundovun hakimiyyəti illərində (onda Ali Sovet sədri M.İsgəndərov, katibi Z.Şükürov idi) “Həsən Qulu” bağı, “Qara ağac” torpaqları haqqında tərtib edilmiş saxta sənədlər dövlət nümayəndəsi Kamran Bağırovun, Azərbaycan Dövlət layihə Quruluşu İnstitutunun direktoru Ədalət Salmanovun və Naxçıvan Vilayət Baş Yer Quruluşçusu Məmmədəli Quliyevin tərəfindən hüquqi akt kimi icra edilməyə başlandı. Beləliklə, bizim “millət ataları”nı qılıqlamış erməni millətçiləri Şərurun Yuxarı Yaycı kəndinin Yexiqnadzor rayonunu Xəcik kəndinə (1929-cu ildə əlimizdən alınan doqquz kəndimizdən biri) qədər uzanan torpaqlarımızı (sənədlərdə on hektar yazılsa da, yüz hektara yaxın əkin üçün yararlı torpaqlar) da mənimsədilər.
Başqa bir fakt
1963-cü ildə erməni millətindən olan Vedi rayonunun Qədili kənd camaatı (əhalisi azərbaycanlılardan ibarət olan Qədili qaçaqaç illərində dağılmış, əhalisi ucdantutma məhv edilmişdir) xəlvətcə “Həsən Qulu bağının, “Qara ağac” meşəsinin içərisində tövlələr və maldarlar üçün yaşayış binalarının inşasına başlayırlar. Sədərəklilər xəbər tutan kimi bünövrələri uçururlar, erməniləri qovub sərhəddən çıxarırlar. Bu hadisə bir neçə dəfə təkrar olunur.
CƏFƏR CƏFƏROV: – Şikayətimiz əsasında Azərbaycan Nazirlər Sovetinin sədri Əlixanov Sədərəyə gəlib çıxdı. O, özü ilə mütəxəssislər, qədim xəritələr də gətirmişdi. Əlixanov erməni tərəfinə sübut etdi ki, onlar nə qədər torpağımıza sahib olublar. Əlixanov gedəndə dedi ki, ermənilərin bizim torpaqlarda qanunsuz tikdikləri binaların pulunu ödəyəcəyik, çəkilib otursunlar yerlərində. Keçmiş Arazdöyən çölündə saldıqları abadlıqlara göz yumduq deyə, bunlar qudurdular.
Bəli, Axundov Əlixanova mane oldu. Həmin illərdə torpaq xəritələri təkrar saxtalaşdırıldı.
Ermənilər, illər keçsə də, həmin torpaqlardan gözlərini çəkmirdilər. Nəhayət, müqavilə əsasında Kərki kəndinin içərisindən keçən yol kimsədən icazə alınmadan kəndin kənarına çıxarılır. Bizimkilər erməni qonşuların bu hərəkətində nə qəribəlik gördülər, nə də uyğunsuzluq. Fikirləşirdilər ki, yol kəndin içərisindən keçməkdənsə, kənarından keçsə, daha yaxşı olar.
Birinci il Kərki kəndinin aşağı hissəsində “yol çəkənlər” üçün bir neçə vaqon – ev qoydular. Sonra vaqon evlər yoxa çıxdı, onlardan iyirmicə metr yuxarda – düzəngahda bir neçə daş ev tikildi və adı da oldu yol işçilərinin “müvəqqəti istirahət yeri”. Kərki torpaqlarında baş verən bu aşkar “erməni əməliyyatı”nın istər vilayətin, istər rayonun rəhbər işçiləri hər həftə ya Kərki kababxanasında kef məclisi quranda, ya da Cermük sularında yediklərini həzm etməyə tələsərkən şahidi olurdular. Qara camaat qonşunun bu ayı oyununa diqqət yetirirdi, onların riyakar məqsədini başa düşürdü, di gəl ki, “millət sahibləri” bu söz-söhbətləri qulaqardına vururdu.
Sonrakı ildə,”millət ataları”nın başı sağ olsun, onların qardaşları bir gecə-gündüzdə Kərki yolunun alt tərəfini donuz damı, mal-qara tövləsi ilə doldurdular, ikicə həftədə də “yol çəkənlərin” binasının ətrafında daş evlərdən kənd saldılar. Adına da Vazgenin və Silva Kaputikyanın mənəvi oğlu şair Papuyr Sevakın adını verdilər. Qatı millətçi P.Sevak guya həmin yerdə maşın qəzasına “düşmüşdür”.
Qonşular “bizimkilər”i necə ələ almışdılarsa, sonrakı illərdə yolun alt-üst tərəflərində geniş üzüm plantasiyaları saldılar. Beləliklə, qara camaatın “millət ataları”na üz tutmaları, çığırtı-bağırtıları özünə qalır. Kərki kəndinin əkinə yararlı torpaqlarının xeyli hissəsi də əldən çıxır. Nəhayət, “Həsən Qulu” bağı və “Qara ağac” meşəsi torpaqlarının zəbt edilməsi və Kərkinin bugünkü mühasirəsi planı bizim “qeyrətli” rəhbərlərin iştirakı ilə beləcə başa çatır.
Kərkinin mühasirəsi! Qəribə səslənir, elə deyilmi? “Leninqrad mühasirəsi” – deyəndə qanlı faşizm, bu sözlə, bir sırada göz qarşısında canlanır. Bəs, Kərki mühasirəsi?! Əlbəttə, erməni millətçiləri faşistlərin yanında mikroskop altında güclə seçiləcək mikro-cırtdan olduğu kimi, bizim Kərki kəndi də Leninqradın yanında həmin bərabərlikdədir. Ancaq unutmaq olmaz ki, “mühasirə” sözünün böyük-kiciyi yoxdur; hər iki halda atəş var, qan var, özgə torpaqlarına sahib olmaq hərisliyi var.
Erməni quldurları 200 min dinc əhalini dədə ocağından, keçilməz qarlı dağ aşırımlarından, sıldırım dərələrdən ayaqyalın, başıaçıq didərgin saldı, onların cinayət hərəkətinə siyasi qiymət verilmədi. Mərkəzi dövlət bu qanlı əməlin üstündən sükutla keçdı, sanki dünyanın bir parçasında insanlar baltalanmamış, qocalar güllələnməmiş, qız-gəlinin namusuna təcavüz edilməmiş, körpələr iri çənlərə doldurulub ağzı qaynaq edilməmiş, evlərə od vurulmamışdı. Düzdür, Kərki camaatının başına yağış kimi yağdırılan avtomat, pulemyot və beşatılan güllələrin səsinə Moskvadan rəhbər partiya və sovet təşkilatlarından, yüksək ixtiyar sahibi olan hərbi idarələrdən və hüquq-ədliyyə orqanlarından tökülüb gəldilər. Ancaq nə fayda, saqqallıların heç tükü də tərpənmədi.
“Köməkçi” rus ordusunun qayğısı sayəsində Kərki boşaldıldı. Guya əhali üçün qorxuludur və orda hərbiçilər yerləşdirildi. Aradan bir ay keçdi, hərbiçilər getdi və Kərki oldu ermənilərin. İndi orda ermənilər yaşayır, hətta kəndin də adını dəyişiblər. Bu da əvvəldən hazırlanmış planın finalı!..
Bağlı qapıların arxasında xalqın mənliyini ucuz tutanların, ana torpağa xəyanət edənlərin yaramaz əməllərilə əlaqədar çağırılmış Sədərək kənd Xalq Deputatları Sovetinin (XDS) 25 avqust 1989-cu il tarixli sessiyasının protokolundan çıxarış əlimizdədir. Qərardan bir bənd:
I.Tarixən Sədərək kəndinə məxsus olan “Həsən Qulu”bağı və “Qara ağac” meşəsi adlanan 94,5 hektar sahənin 1969-cu ildə saxta yollarla Ermənistan SSR-ə verilməsi qeyri-qanuni hesab edilsin.
II. Qars müqaviləsi şərtlərinin pozulmasını nəzərə alaraq, sərhədlərin dəqiqləşdirilməsi üçün səlahiyyətli komissiya təşkil edilsin.
III. Qərarın təsdiqi Azərb.SSR Ali Sovetinin 15 sentyabr 1989-cu il tarixli növbədənkənar sessiyasından xahiş edilsin.
Sədərək kənd XDS-nin sessiyası təkcə bir kəndin, ya Şərur çökəkliyinin deyil, bütün Naxçıvan xalqının iradəsini əks etdirirdi. Qərarın çıxarıldığı gündən xeyli vaxt keçməsinə baxmayaraq, xalq bu günə kimi Azərbaycan Ali Sovetindən heç bir cavab almamışdır.
Aşkarlıq işığında Stalin, Xruşşov, Brejnev dövründə xalqın başına gətirilmiş müsibətlərə ad tapdıq da, onu ünvana yazdıq da. Bəs indi, aşkarlıq dövründə xalqın fəryadına məhəl qoymayan bu hissizlərə nə ad verək? Bəlkə özləri-özlərinə ad versinlər? Bəlkə, xalq olub-qalan dədə torpaqlarını da doğmalardan uzaq düşmüş, insanlara yadlaşmış bu vicdan qəddarlarının ata-ana cəsədindən yaranmış torpağı da əskinasa çevirən bu naxələfləri, zamanın usta oyunbazlarının həris siyasətinə qurban etsin? Tövbə, ət tövbə! Qəsb edilmiş torpaqlarımızın, söndürülmüş dədə ocaqlarımızın xarabalıqlarını insanlığa, ləyaqətə səcdə edən millətlərin köməyi ilə geri qaytarmaq zamanıdır!
Əjdər Tağıoğlu
“Azərbaycan” jurnalı №11-12(1990)
ONN TV
Çap Et