YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ ÇİNGİZ ABDULLAYEVƏ CAVAB VERDİ

Acı təəssüflər olsun ki, ikinci dəfə sizə məktub yazıb etiraz etmək məcburiyyətində qalmışam; I dəfə Türkiyədə 15 iyul 2016-cı ildə hərbçilərin xarici güclərin fəal dəstəyi ilə dövlət çevrilişinə (15 Temmuz Darbe Girişimi veya 2016 Türkiye askerî darbe teşebbüsü) cəhd etdiyi günlərdə bizim mediada sizin “Ərdoğan indi məhkumdur”, “Vicdanla desək, Ərdoğan indi getməlidir”, “Bədbəxt Türkiyə, sənə necə də çətin olacaq” və s. başlıqlarla bir çox saytda yayılmış müsahibənizə cavab idi: “Fikirlərinizlə razı deyiləm, Çingiz müəllim!
Türkiyədə dövlət çevrilişinin qarşısının alınmasından xeyli pəşmürdə olmuşdunuz. Bu, öz işiniz, öz baxışınızdır, əlahəzrət Zaman göstərdi ki, o vaxtkı düşüncənizdə heç də doğru deyilmişsinzi, ən azı 44 günlük qələbənin qazanılmasında şəxsən sayın (sayılan, seçilən) Ərdoğanın varlığının bizim üçün nə qədər gərəkli olduğunu, heç olmazsa, indi qəbul etmiş olarsınız! Etiraf etsəniz də, etməsəniz də belədir.
2 gün əvvəlki çıxışınızı dönə-dönə dinlədim ki, bəlkə fikrinizi düzgün ifadə edə bilməməsiniz, axı siz və sizin kimi bir neçə ünlümüz şifahi nitqində Ana dilimizin anasını elə ağlar günə qoyursunuz ki…”Birinci Qarabağ müharibəsi olmayıb, belə deməyin, bu yalandır, birinci Qarabağ Müharibəsi ifadəsini işlətməyin: “Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi…” Fikrinizi primitiv formada hər vəchlə sübuta yetirməyə çalışırsınız. 1992-93-də Sovet var idi ki, Xocalı qırğını törədə, ya ölkənin 5-dən birini alıb verə erməniyə, o da 28 il əsir, girov saxlaya, yağmalaya? Hərbi prokurorluğun məlumatlarına baxın, heç olmazsa, görün, Xocalı qətliamını törədənlərin içində nə qədər yüksək rütbəli rus zabiti var idi?!
Doğrudanmı I Qarabağ müharibəsinin olduğundan sizin xəbəriniz olmayıb?! Özümün də şahidi və iştirakçısı olduğum bir neçə faktı xatırladıram: 
– Əliyar Əliyevin komandir olduğu Qubadlı alayının topçuları (Qurban müəllim, Qiyas, Nurəli… şükür ki, salamatdırlar) yuxarıların əmri olmadan daşnak yuvası Gorus şəhərinin altını üstünə çevirmişdilər. Erməninin yatsa yuxusuna da girməzdi ki, meşə yolu ilə dağ-dərələrə Gorusu vura bilən toplar dartıb gətirmək olar (pambıq rayonlarından doludağıdan topları RTS-in mexanikləri təyinatını dəyişmişdilər). Moskvadan “Vesti” proqramının verdiyi məlumata görə, ölənlərin sayı 300-ü keçmişdi. Ermənistanda üç günlük matəm elan edilmiş, goruslular şəhər merini və komendantı Paruyr Ayrikyanı elə həmin gün biabırçılıqla qovmuşdular. Xocalı qırğınının intiqamı belə alınmışdı;
-1992-ci ilin 16 aprelində xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik ön sıra diversiya qrupu “qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə Laləzar körpüsünü partladıb bir neçə sərhəd kəndimizin rayonun digər ərazisi ilə əlaqəsini kəsib hamını qırıb qisas almaq məqsədi ilə sərhədi keçmişdi. Özünümüdafiə dəstəmiz yerli polislərlə birlikdə zireh geymiş, içərisində muzdlu zəncilər də olan qrupu xeyli irəli buraxıb, mühasirəyə almışdı, hətta ən yaxın məsafədən atılan, birbaşa hədəfə dəyən avtomat atəşləri də zirehli muzdlulara təsir etmirdi. Qanlı döyüşdə bir neçəsi də goruslu yerli erməni olan 11 cəmdək yerə sərili qaldı, çoxdan sərhəd boyu meydan sulayan ağ “Niva”lı Karlenin (kənbəkənd gəzdirilən cəsədi elə uzun idi ki, bortlu UAZ-dan bayıra çıxmışdı) və silahdaşlarının meyiti iki gündən sonra 26 Xocalı əsirinə dəyişdirilmişdi;
-24 iyun 1992-ci ildə saat 16.00 radələrində Ermənistan Müdafiə nazirinin hərbi əməliyyatlar üzrə birinci müavini, general-leytenant Qraç Andresyan Ermənistan Hava Qüvvələrinin komandanı, polkovnik A.Abramyan, Baş Qərargahın hərbi kəşfiyyat rəisi, polkovnik İ.Qukasov və digər iki polkovniklə birlikdə Mİ-8 helikopterində ən təcrübəli təyyarəçi hərbçilərin idarə etdiyi iki Mİ-24 hərbi vertolyotunun müşayiətilə ölümgətirən raket mərmilərini Qubadlı rayon mərkəzinə boşaldıb Qarabağa keçmək istərkən sərhəddəki dağ, qaya keçidlərindəgecə-gündüz ayıq-sayıq dayanan özünümüdafiə taborunun əsgərlərinin (hamısı yerli ənclər idi)   yerdən açdığı sərrast atəşləri ilə hər iki Mİ-24 vurulub yerə  salındı, xüsusi zireh örtüklü Mİ-8 vertolyotu geri dönmək istərkən vurulub yerə düşdü. Vertolyotlardan birinin “skeleti” işğala qədər rayonun girişində hündür divar üzərinə qaldırılıb qoyulmuşdu, o birisi yüngül təmirdən sonra hərbi hava qüvvələrinin istifadəsinə verildi, ad da qoyulmuşdu: “Armyaşka”;
-Gorusun Şurnuxu kəndində yerləşən erməni qərargahının dağıdılıb 40 rus-erməni əsgərinin əsir götürülməsini əks etdirən canlı videolent youtube.com-da var, bu kadrlar əvvəllər televiziyalarda tez-tez göstərilirdi. Həmin gün Qubadlıda yaşananlar, Müdafiə və Daxili İşlər nazirlərimizin az qala o əsirlərin ucbatından rayonda qırğın törətməyə qalxması da faktdır. Əsirlər elə həmin gün Bakıdan göndərilən yüksək rütbəlilərin müşayiəti ilə Moskvaya, oradan isə İrəvana yola salındı. İrəvanın Teatr meydanında onların qarşılanma mərasimini Ermənistan televiziyaları göstərirdi. Bu gün yenidən bir hissəsinin ordumuzun nəzarətinə keçdiyi Qafan-Şurnuxu-Gorus yolu iki ildən çox tamamilə bizim nəzarətimizdə idi.
-1992-ci ilin 12 dekabrında 1 “T-72” tankı Seytas kəndi yaxınlığında, daha 2 “T-72” tankı 1993-cü ilin 27 iyulunda Yazı düzündə qabaq-qənşər döyüşdə ermənilərdən sağ-salamat qənimət alınmışdı.
-1991-ci ilin mayında Yuxarı Cibiklidə, 1992-ci ilin 12 oktyabrında Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də ermənilər belə ağır itkilərə məruz qalmışdı. 
-Bir neçə taborun, o cümlədən Əliyarın 1992-ci il oktyabrın son günlərində 6 aydır yağı tapdağında olan Laçının şimal və cənubundan irəliləyərək 50-dən çox kəndini azad edib bu gün hələ də erməni-rus işğalında qalan Laçın şəhərinə çatmağa 2 kilometr qalmış əməliyyatın xəyanətlə qəsdən pozulması, onlarla əsgərimizin şəhid olmasının səbəkarları hələ də azadlıqdadır.
-digər bölgələrimizdə də eynilə belə döyüşlər olmuşdu. Məs; 1992-ci ildə Cəbrayılın özünümüdafiə dəstələri qonşu Hadrut rayonunun 15 erməni kəndinin əhalisini birinin də burnunu qanatmadan maşınlara yığıb Moskva və Bakıdan göndərilmiş yüksək vəzifəlilərin hay-küyünə, hədə-qorxularına baxmayaraq, 8-10 saatlıq dinc danışıqlardan sonra Qubadlının Yazı düzündən Gorusa yola salınması, ondan əvvəl rus hərbçilərinin dinc yolla silah-sursatlarının əllərindən alınması (“Ziyalılar batalyonu”nda maarif-təhsil şöbəsinin müdirindən başlamış, baş həkimə, jurnalistə qədər xeyli peşə sahibi var idi və onları döyüşlərin önündə əlisilahlı görmək həm kədərli, həm qürurverici idi), zəngilanlı döyüşçülərin Qafanın başı üstündəki Seyidlər, Qazançı, Ağkənd, Dərəli kəndlərini azad etməyi, Füzulidə “Üctəpə” və “Məngələnata” yüksəkliklərinin erməni hərbi birləşmələrindən azad edilməsi əməliyyatı… 
Belə faktlar onlarladır. Bütün yuxarıda xatırlatdığım bu faktların hamısı 1996-cı il sentyabrın 13-də mərhum Prezident Heydər Əliyevin Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğal edilməsinin üçüncü ildönümü ilə əlaqədar olaraq bu bölgələrin ictimaiyyət nümayəndələri ilə görüşündə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Əvəz Hüseynquliyev, Dövlət müşaviri Nurəddin Sadıqov və digər rəsmilərin çıxışlarında da eynilə səslənmişdi.

-Azərbaycan Silahlı Qüvvələri (ordu, polis, təhlükəsizlik, könüllülər) Ağdərə, Tərtər, Goranboy istiqamətində uğurlu hərbi əməliyyatlara başlamış, erməni silahlılarının nəzarətində olan bir sıra strateji yüksəklikləri ələ keçirmiş, təmizləmişdi. Artıq ermənilər Xankəndi və Qarabağdan köçüb getmək üçün koridor istəyirdilər. Elə ona görə də əvvəl Azərbaycanın Müdafiə naziri general-leytenant Valeh Bərşadlı, ardınca da Daxili İşlər naziri general-mayor Məhəmməd Əsədov “öndən” alınaraq “arxaya” atılmışdı.
Və bu sətirlərin müəllifi II Qarabağ müharibəsi başlamadan 77 gün qabaq “525-ci qəzet”də çıxmış “Biz döyüşdə uduzmadıq…” başlıqlı yazıda AzərTAc-ın o illərdə səhrəd bölgələri üzrə zona informasiya mərkəzinin direktoru olaraq yenidən xatırladılıb.
Sizin I Qarabağa müharibəsi olmayıb fikrinizə nə qədər acı da olsa bu xatırlatmaları da etməliyəm, doğrudanmı sizin xəbəriniz yoxdur ki;
– 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub;
– 1994-cü ilin təkcə qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında  iki hücumda Azərbaycan tərəfi təxminən 5000 nəfər itki vermişdi. Bu döyüşlərdə erməni tərəfinin itkisi isə bir neçə yüz nəfər idi.
Kaş ki, siz nüfuzunuzdan istifadə edib bu faciəli əməliyyatı hazırlayıb o qədər gəncimizi güdaza verənlərin kimliyini, məqsədlərini öyrənməyə cəhd edərdiniz, bu olardı vətənə, xalqa xidmət. 
-44 günlük davada şəhid və qazilərin əksər hissəsi I Qarabağ müharibəsinin od-alovundan keçənlərin övladları, ya yetirmələridir.
-Sizdən heç kim ummur ki, I, ya II Qarabağ müharibəsinin detalları, şəhidləri, qaziləri, uğurlu və uğursuz hərbi əməliyyatları, siyasi oyunları, yaxud Şuşanın alınması haqqında yazın, bu sizlik deyil, bunun üçün ədəbi istedaddan əlavə başqa xarakterlər, duyğular da olmalıdır insanın içində, xalqın yazıçısı olmaq gərəkdir. Sizinki xəfiyyə Dronqo, mronqodur, yaz, ver satışa, al qonorarı gəz, kef elə, 7 vəzifəni qamarla al ələ, arada bir butulka suyu bir uşağa verməyi də humanist dəyərlərə sədaqət kimi təqdim etməyə çalış, hərdən də bir neçə cümlə də bəzi bürokratik əngəllərə, rüşvətə, korrupsiyaya etiraz səsi ilə özünü ziyalı kimi göstərməyə çalış. 
Söz neçə ki, ağızdan çıxmayıb sən onun ağasısan, o sənin qulundur, ağızdan çıxdısa, artıq o sənin ağandır, sən onun qulususan. Heç sizin kimi şöhrətli adamı bu durumda görmək istəməzdim. Hər halda bilmirəm, siz özünüzdə cəsarət tapıb, I Qarabağ müharibəsində canlarını bu Vətən yolunda fəda edən Şəhidlərin ruhundan, ailələrindən üzür diləyəcəksinizmi?!
Hacı NƏRİMANOĞLU
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şəhidlər haqqında 4 kitabın müəllifi və həmmüəllifi

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png