Məhkəmədəki ifadəsində məlum olub ki, təqsirləndirilən şəxs I qrup əlildir: “Sağ ayağımdan əliləm. Fiziki işlər görə bilmirəm, əsa ilə hərəkət edirəm. Buna baxmayaraq, uşaqlıqdan avtomobil idarə etmək həvəskarıyam. “BMW”ni qaçırandan sonra şəhərdə qısa müddət sürüb avtomobilə heç bir zərər yetirmədən, sahibinə aid hər hansı əşya oğurlamadan, avtomobilin hər hansı detalını, hissəsini sökmədən Azadlıq prospektində tərk edib getdim. Bundan sonra təkrarən avtomobil sürmək həvəsi mənə güc gəldi. Yenidən başqa bir avtomobil qaçırdım. “Volkswagen Jetta” markalı avtomobilin sahibi onu işlək vəziyyətdə saxlayıb aptekə daxil oldu. Bunu görüb maşını sürmək, şəhərdə gəzmək qərarına gəldim. Sürüb oradan uzaqlaşdım. Şəhərdə qısa müddət hərəkət edib Dövlət Sirkinin binasının yaxınlığında avtomobilin qabaq sağ təkərinin boşaldığını gördüm. Bu vəziyyətdə onu sürmək mümkün olmadığından və ayağım əlil olduğundan avtomobili saxlayıb tərk etdim. Gedərkən oğurlanmaması üçün qeydiyyat nişanlarını çıxarıb arxa yük yerinə qoydum. I qrup əliləm, etdiyim əməldən peşmanam”.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə A.Q.-yə 18 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək vəzifələri qoyulub