ƏSA Teatrı 5 yaşını qeyd edir

Azərbaycan Respublikasının ilk inklüziv teatrı olan ƏSA Teatrı bu gün 5 yaşını qeyd edir. Əlilliyi olan və olmayan aktyorlardan ibarət ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub. Teatr yarandığı gündən bu günədək – 5 il ərzində böyük uğurlara imza ataraq dünya və Azərbaycan ədəbiyyatının ən sevilən əsərlərinə quruluş verib, vacib layihələr həyata keçirib.
Gənc olmasına baxmayaraq teatr U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin, J.B.Molyerin, J.P.Sartrın, P.Turrinin əsərləri olmaqla 9 tamaşa və 3 perfomans təqdim edib. Teatr səhnə ilə kifayətlənməyərək ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub və uğurla davam etdirir. 2016-cı ilən bu günədək ƏSA Teatrı yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib.
ƏSA Teatrı öz fəaliyyəti ilə Azərbaycan mədəniyyətini dünyada uğurla təmsil edir. Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da "Açıq Dünya" Proqramında ölkəmizdəki inklüziv incəsənətin, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib. Həmçinin, Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib.
ƏSA Teatrı COVID-19 pandemiyası ilə bağlı karantin qaydalarına əsasən, tamaşa nümayişlərini 13 mart 2020-ci il tarixindən etibarən dayandırıb və öz tamaşaçıları ilə sosial şəbəkələr və rəsmi internet səhifəsi vasitəsilə görüşüb. Teatrın onlayn formatda təşkil etdiyi tamaşa nümayişləri uğurla baş tutub. Həmçinin ƏSA Teatrı bu müddət ərzində rəqəmsal monoloq və tamaşa ənənəsini də yaradaraq inkişaf etdirib.
Vətən müharibəsi dövründə ƏSA Teatrı öz fəaliyyəti ilə xalqımıza və ordumuza dəstəyini göstərib, bu istiqamətdə davamlı layihələr həyata keçirib. Qeyd edək ki, hazırda ƏSA Teatrı İkinci Qarabağ müharibəsinə həsr olunmuş film-tamaşa hazırlığına başlayıb. Layihənin qələbəmizin bir illiyi ərəfəsində təqdim olunacağı gözlənilir.
Bu gün 5 yaşını qeyd edən ƏSA Teatrında 20-dən çox əlilliyi olan və olmayan istedadlı aktyor heyəti fəaliyyət göstərir. Bütün kollektivin 5-cü ad günündə ƏSA Teatrına ən böyük arzusu qarşıdakı teatr mövsümündə kirayələrdən xilas olmaq və inklüziv teatrın özünün binasının olmasıdır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png