Azərbaycan dövlətçiliyinin tarixi ÜMUMTÜRK KONTEKSTİNDƏ - Sayalı Sadıqova Əjdər Tağıoğlundan yazdı

Sayalı Sadıqova


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini

filologiya elmləri doktoru,

professor

Filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlu Azərbaycan tarixi ilə bağlı "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" (2006), "Biani çarlığı"(2014),  "Moisey Xorenatsi anonim keşiş müəllifidir" 2016), "Arme çarlığı",  "Moisey Xorenatsi əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" kimi monoqrafiyaların müəllifidir. Yeni nəşr olunan "Zəngəzur" toponiminin qədim etnogenez tarixi" (Bakı, Elm və təhsil, 2023) əsərində də Azərbaycan tarixinin zəngin tarixi faktları öz əksini tapmışdır. Qədim yurd mədəniyyəti yaratmış əcdadlarımızın  minilliklərdən şaxələnən ayrı-ayrı tayfa adları altında  zaman-zaman yaşadığı yerlər müxtəlif qaynaqlar əsasında müəyyənləşdirilmiş, Azərbaycan türklərinin bir xalq olaraq təşəkkülündə Maday, Mar, Su və Maq, qohum türk tayfaları barədə araşdırmaları aparılmışdır.  Bu araşdırmalar tarixi düşmənlərimizin (ermənilərin) antitürk mövqedən çıxış edərək qədim dövlətçilik tariximizi Atar tanrının Od  məbədlərini, Zərdüşt qanunlarımızı öz adlarına çıxarması, saxta uydurma yalanlar faktlar əsasında  təkzib edilmişdir. Tarixi mənbələrə istinad edərək Mar tayfalarının Urmiya gölü sahillərində və Zaqor dağlarının ətəklərində məskunlaşmış qolları haqqında tarixi həqiqətlər verilir. Əsərdə qeyd edilir ki, tayfanın Sumar adı daha sonrakı onilliklərdə fonetik, leksik dəyişikliklərə uğrayaraq, özlərinin yaratdıqları Babil ədəbiyyatında sumer, semit dilli mətnlərdə "şumer" adı ilə qeydə alınmışdır".  M.Belitskinin, D.Reder, L.Vullinin  şumerlərin türk mənsubiyyətli əhali olduğu haqqında fikirlərinə,  eləcə də mötəbər qaynaqlar əsasında şumerlərin türk  olması və onların  Urmiya gölü ətrafından Ön Asiyaya və Ön Qafqaza yayılan Azərbaycan xalqının formalaşmasında əsas olan Mar, Mak və Su tayfalarının tarixinin daha qədimdən başlanması və "Aza çarlığı"nın   Ön Qafqazda ən qədim dövlət olmasını təsdiq edir. Əsaslandırılır ki, erməni keşiş ədəbiyyatında "Syunik" şəklində  yazılan toponimin "Siunik" yer adının saxtalaşdırılmış formasıdır. "Syunik" və "Sisakan" toponimlərinin mənşəyinin Qədim Türkmənistan çöllərində məskunlaşan Arsaklı tayfaları ilə əlaqədə olan "Si"  tayfa ittifaqı ilə bağlıdır. Bu tayfalar haqqında məlumatlar verilərək yazılır ki, "Keşiş müəlliflərin kilsə künclərindən  uydurma və ziddiyyətli rəvayət versiyaları əsasında "təşkil etdikləri" "Böyük Armeniya"nı və onun  tərkibində knyazlıqları",  o cümlədən, nə "erməni Syunik" (əslində "Siunik"), nə  "erməni  Arsak", nə də başqa  adda "erməni knyazlıqları"nı tarix tanımır".


Əsərdə Zəngi çayının Aza çarlığını yaratmış Mar tayfalarının qollarından biri olan zəngi tayfalarının adını yaşatması, bu çay mənbəyinin Alagöz dağ silsiləsindən başlaması və Araz çayına tökülməsi qeyd olunur. Tarixi həqiqətlərin saxtalaşdırılması və bu çayın adının dəyişdirilərək XX əsrin sonlarında Razdan kimi erməniləşdirilməsi erməni yalanlarını əks etdirir. Bununla yanaşı əsərdə Göyçə adının qeydə alınması və silsilə dağlarla əhatə edilməsi,  Ağrı dağ vadisindən başlanıb Alban dənizinə doğru uzanan geniş coğrafiyası haqqında məlumat verilir.  Bu faktlardan  çıxış edilərək Ön Asiyada və Ön Qafqazda yaşayan türklərin tarixi torpaqlarını saxtalaşdıran İ.M.Dyakonovun konsepsiyasının əsassız olması göstərilir. İ.M.Dyakonovun və ideya varisi olan İqrar Əliyevin Midiya tarixini saxtalaşdırması, Maday imperiyasının tarixinin Kirin şəxsində perslərin tarixi kimi qələmə alınması tənqid edilir. Türk tayfaları ilə əhəməni-pers tayfaları əsasında soy-kök qohumluğu olmaması Herodotun əsərindən verilən faktlarla əsaslandırılır.

Əsərdə qədim dövrlərdə Qərblə-şərqi birləşdirən mühüm ticarət mərkəzinin  Aza ölkəsindən keçməsi zəngin mədəniyyətə malik olması,  Od, Atəş məbədlərinin mövcudluğu haqqında fikirlər təsdiqlənir. I Arqisti Aza çarlığının bir sıra şəhərlərini, kəndlərini ələ keçirməsini və Göyçə gölünün sahillərində qazandığı qələbələri təsvir edir.  Biaini çarlarının öz dillərində yazılmış gil mətnləri ümumtürk tarixinin min illərdən  başlandığını  göstərir. Qeyd edilir ki,  lakin  bu təkzibedilməz gerçəkliklər B.B.Piotrovski tərəfindən saxtalaşdırılmışdır. Belə ki, Biaini çarlığını uydurma Urartu çarlığı ilə əvəz etməklə  Ön Qafqazda yaşayan qədim türklərin  tarixini, yəni Oğuz türklərini Ön Qafqaz  coğrafiyasında etnik tarixini məhv edilərək,  erməni tarixi yazılmışdır. B.B.Piotrovski başda olmaqla, A.A.Matrosyan da türkün qan yaddaşına çevrilmiş İrpuni toponimini XX əsrin II-ci yarısında uydurulan Erebuni -  erməni ifadəsi ilə əvəzlənməsi  və eyni mənalı toponim kimi qəbul edilməsi tənqid edilir. Yerevan tarixinin Miladdan öncə VIII əsrə aid edilməsi və şəhərin inşasının  Biaini çarı Arqistinin adı ilə bağlanması onların məlum olmayan babalarının Oğuz Albaniyasında ərazilərində yerləşdirilməsinin tarixi kökləri müəllif tərəfindən aydınlaşdırılır. B.B.Piotrovski 1828-ci ildən başlayaraq Aza çarlığının varisi olan Ön Qafqaz Albaniyasının ərazilərinə gətirilərək  Ön Qafqaz tarixi saxtalaşdırılması faktlarla sübut edilir. Eribuni - Yerevan adı altında qədim Armeniya axtarılmasının siyasi məqsədlərə xidmət etməsi və  Azərbaycan türkünün qədim tarixinin saxtalaşmasının səbəbləri göstərilir.  Erməni tarixçilərinin Yerevan sözünün zühur edən və yaxud möcüzə edilən anlamına gəlməsi Noyun gəlişi ilə izah edilir. Oğuz türk şəhəri İrəvanın guya Noyun dövründən İrəvan adında erməni babalarına aid edilən torpaqlar Naxçıvan 10 km-dən uzaq məsafədə yerləşdirilir. Eyni zamanda qeyd edilir ki, tarix Urartu adında  toponim tanımır və Biaini daş yazılarında  Urartu adı çəkilmir.  Altaylı türk çarları öz abidələrində ölkələrini Biani bəzən də  döyüş tanrısı Xaldinin adı ilə Biayni-Xaldi kimi tarixləşdirmişlər. Əsərdə erməni tarixçilərinin torpaq iddiası ilə əlaqədar adları çəkdikləri Ararat və Urartu sözünün saxta yaradılması faktlarla sübut edilir. Müəllif yazır ki, "Urartu-Erebuni-Erevan" uydurmaları ilə ümumtürk tarixini saxtalaşdıran erməni tarixçiləri  dünyanın hər yerinə qara şeytan  toxumu kimi səpələnmiş gəlmə babalarını Ön Qafqazda yerli əhali etmək üçün sağlam ağılın qəbul etmədiyi hər cür yola əl atırlar.  Bununla da Aza çarlığının Mar əhalisinin tarixi vadisi olan Oğuz Alban tayfalarının tarixinin  siyasi məqsədlərlə uydurmuş Udin etnos adı ilə saxtalaşdırılması tənqid edilir. Əsərdə  qədim mənbələrə əsaslanaraq  bir sıra  toponimlərin yaranma  tarixinin m.ö. minilliklərdən başlanılması, azərbaycanlıların Ön Qafqazda ən qədim dövlətləri olan "Aza çarlığı", Atarpaten və Oğuz Albaniyasının Maday imperiyasının varisləri olması qədim ümumtürk tarixi kontekstində araşdırılmışdır.  Azərbaycan dövlətçiliyinin tarixi ilk mifoloji və filoloji mənbə olan "Kitabi-Dədə Qorqud" abidəsi, eləcə də qədim yunan müəlliflərinin yazıya aldıqları hadisələrin tarixindən əvvəllərə - insan cəmiyyətinin qohum tayfalar şəklində yaşadıqları dövrlərə gedib çıxması təhlil olunur. Dastanda  Oğuz tayfaları arasında "Al çadırlılar" və "Ağ çadırlılar" adında iki yeni nəslin yaranacağından xəbər verilir. Monoqrafiyada müəllif Maday imperiyası haqqında geniş məlumat verərək yazır  ki, "Maday, Mar, Maq tayfaları tərəfindən "Urmiya" gölünün sahillərindən Ön Asiyanın qərbinə və şərqinə yayılaraq, geniş coğrafi arealda məskunlaşmış çoxsaylı eyni nəsildən olan qohum türk tayfalarını vahid hərbi ittifaqda birləşdirən   Maday imperiyası  yaradılmışdır. Tarixi faktlara əsaslanaraq qeyd edilir ki, Kiaksarın (m.ö.624-583) hakimiyyəti illərində Maday imperiyası qədim Şərqin ən qüdrətli dövrünü yaşamışdır. Həmin illərdə imperiyanın Ön Asiyanın qərbində və şərqində, habelə Ön Qafqazda əhatə etdiyi torpaqlarda aparılmış ərazi bölgüsündə bir sıra satraplıqlar, o cümlədən dəniz sahilində çox kiçik bir ərazidə "Pers satraplığı" da yerləşirdi.

Alim gətirdiyi faktlardan belə nəticəyə gəlir ki, Maday imperiyasının pers-əhəməni dövrü m.ö.550-330 başlayır. Əsərdə Maday imperiyasının Pers-Əhəməni dövrü III Daranın (m.ö.336-330) hakimiyyəti illərində başa çatması, Makedoniyalı Aleksandr m.ö.334-cü ildə qarşısı alınmaz böyük yürüşlə Qallespontdan  Ön Asiyaya daxil olması tarixi gerçəklikləri ilə bağlı ətraflı məlumatlar verilir. Atarpatın qorxmaz, cəsur sərkərdə kimi dövrünün mühüm şəxsiyyəti olduğu təhlil edilir. Maday imperiyasında əhəmənilər sülaləsinin tarixinə m.ö. 330-cu ildə son qoyulması və Əhəmənilərdən sonra Maday imperiyasının tarixində yeni bir era - Atarpaten erası başlaması tarixi faktlardır. Müəllif tarixi faktlara əsaslanaraq yazır: "Yunan sərkərdəsi olan Makedoniyalı İsgəndərin bu yürüşlərində Atarpatın komandanlığı altında olan Arazın hər iki sahilindən səfərbərliyə aldığı türk tayfalarının birliyindən yaratdığı güclü Maday hissələrini ordunun sağ cinahında yerləşməsi və ordunun sol cinahında Makedoniyalı Aleksandrın böyük sərkərdələrindən olan I Selevkin komandanlığı altında xüsusi döyüşçü hissələri irəliləyirdi". Tarixi saxtalaşdıran erməni tarixçisi N.B.Arakelyan Azərbaycan türklərinin qədim dövr tarixini açıq-aşkar öz babalarının adına yazır. Erməni tarixçilərinin fantastik "Böyük Armeniya", "Kiçik Armeniya" uydurmaları "Böyük Armeniya" ilə əlaqədar yaratdıqları çox versiyalardan biri kimi şərh edilir. Ə.Tağıoğlu "Böyük Maday" adlanan bölgədə  böyük yunan fatehinin  ön Qafqazda ox və nizə işlətməkdə mahir olan Alban türk döyüşçülərinin birliyindən yaratdığı Maday ordusunun sərkərdəsi kimi, III Daranın sarayında ən nüfuzlu satırap (satrap) olmuş Atarpatın  "Kiçik Maday"a çar təyin etməsi və onun nəslinə "çar sülaləsi" titulu verilməsi faktları ermənilərin tarixi saxtalaşdırılmasından xəbər verir. "Kiçik Maday"ın müstəqil dövlətə çevrilməsi, Maday nəslindən olan keçmiş satrap Atarpat rəsmi surətdə m.ö. IV əsrin 20-ci ilinin sonunda "Kiçik Maday"a hökmdar təyin edilməsi elmi mənbələr əsasında şərh olunur. Əsərdə yunanların işlətdikləri "Atropat" sözünün İqrar Əliyevin  tərəfindən düzgün verilməməsi və bu məsələyə münasibət də tarixçiləri yeni bir istiqamətə yönəldir. İqrar Əliyevin fikrincə, Atropat  sözü öz mənşəyini  qədim İran adı olan "Atrpat" sözündən almış və  "odun qoruyucusu" mənasında işlənir. Əjdər Tağıoğlu bu fikri tənqid edir və qeyd edir ki, bu "etimologiya" alimin Azərbaycan türklərinin qədim tarixinə qarşı "məşhur iranist" yanaşmasıdır. Çünki "Atr" hissəciyi "Müqəddəs Od" anlamı vermir. Ancaq Maday satrapının tarixi adı olan "Atarpat" da "Atr" hissəciyi ilə deyil, "Atar" hissəciyi ilə başlayır və "Atar" sözü Azərbaycan türklərinin mifologiyasında "od mühafizi" və "od qoruyucusu" mənasında işlənir. Ölkə çarı Atarpatın adı Azərbaycan türklərinin mifologiyasında Odun/Atəşin/Ocağın mühafizi olan Atarın adı ilə bağlıdır. Tarix ədəbiyyatlardan da məlumdur ki, Atarpat Cənub Azərbaycan torpağında doğulub, Akbatan (Həmədan) olan "Atarpaten" dövləti də həmin coğrafiyaya aiddir. 1828-ci ildə Türkmənçay  müqaviləsinə əsasən vahid Azərbaycanın iki hissəyə parçalanması və Azərbaycanın qədim tarixinin yeni nəsillərə unutdurmaq bu siyasətin davamı olduğu faktlarla şərh olunur.  

Əsərdə "Azərbaycan" toponiminin etimologiyası ilə bağlı müəllifin  fikirləri də diqqəti cəlb edir.   Qeyd edilır ki, tarixdə nə "Azəri", nə də "Azərilər" adında xalq olmayıb və  onların inanc bağlılığını - Atəşpərəst olduğunu bildirir. Toponimin "Azər" hissəciyi öz mənşəyini Azərbaycan mifologiyasında Odun/Ocağın mühafizi hesab edilən Atarın adı ilə bağlı olması və  Atar-Adər-Azər anlamları Günəşin atributu hesab edilir.  Qeyd edilir ki, toponimin "bay"/"bəy" hissəciyi qədim tarixdə türk dünyasının və türklüyü nişan verən "hündürlük", "alilik" mənasında, "can" hissəciyinin isə oda, atəşə, günəşə inanc gətirmiş babalarımızın əcdad tanrısı Devuşun/Divin minilliklərin dərinliklərindən bizə gəlib çatmış müqəddəs mirasıdır. Ayrı-ayrı dövrlərdə  "Atarpaten", "Atarpatakan", "Odərpatakan", "Adərpatakan" və s. şəklində yazılan qədim ölkəmizin son adı "Azərbaycan"dır. Bu toponimin  sonralar Ön Asiyada "Atarpaten" və Ön Qafqazda "Oğuz Albaniyası" kimi qeydə alınmış iki qədim türk dövlətinin Vahid coğrafiyasını əhatə edirdi. Bu iki dövlətin meydana gəlməsi ilə qoca tarix Azərbaycan türkünün bir millət kimi, bir xalq kimi ilk təşəkkülünə, inkişafına və formalaşmasına şahid oldu. Bu dövrdən etibarən Azərbaycan türkünün tarixində "Vahid Azərbaycan" erası başlayır. Bu era Maday imperiyasının  səlahiyyətli varisi kimi, qədim dövlətçiliyimizin başlanğıcıdır. Bununla da, "Vahid Azərbaycan" qədim Şərqin qüdrətli dövlətlərindən olmuş Maday imperiyasının  hüquqi varisi olması tarixi faktlarla əsaslandırılır. Əsərdə Fəridə Məmmədovanın gəldiyi nəticələr və istifadə etdiyi qaynaqlar təkzib edilərək yazılır:" F. Məmmədovanın nişan verdiyi dövrlərdə dünya elmi ictimaiyyəti tarixi şəxsiyyət olaraq, bircə nəfər də olsun "erməni müəllifi" tanımır. Bəzi erməni tarixçiləri tərəfindən V əsrdə yaşadığı iddia edilən "erməni tarixinin atası"  Moisey Xorenatsidən, F.Məmmədovanın VII-VIII əsrlərə aid etdiyi Moisey Kalankatvatsuyədək "erməni müəllifləri" tarixi şəxsiyyət deyildirlər, kilsənin adlarına kitablar tərtib etdikləri anonim keşiş müəlliflərdir." (səh. 121). Azərbaycan xalqının əsil tarixini unutdurmağa çalışan, tarixi həqiqətləri saxtalaşdıran, vahid qədim kökə malik bir xalqın keçmişinə ibtidai düşüncə ilə yanaşan konsepsiyalar tənqid edilir. Bununla da əsərdə Azərbaycan xalqının qədim Vahid Azərbaycan dövlətçiliyinin tarixi toponimlər əsasında, eləcə də maddi sübutlarla elmi-tarixi aspektdə ümumtürk tarixi kontekstində araşdırılmışdır.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png