Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin ağır zamanlarda ən yaxın silahdaş və siyasi sirdaşlarından olan, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Cavidşünas alim, filoloq-tarixçi, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təsisçisi və ilk sədri, Yeni Azərbaycan Partiyasının ən fəal qurucularından, məşhur "91-lər" dən olan mərhum professor Əjdər Tağı oğlu İsmayılovun anadan olmasının 85 illiyinə həsr olunan "Dövləti qoruyun!" adlı elmi-praktik konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Sonra vətənpərvər alimin həyatı, elmi, ictimai-siyasi, pedoqoji fəaliyyəti haqqında geniş və dolğun məlumatı özündə əks etdirən "Dünənin sabahı" filmi nümayiş etdirilib.    

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev açaraq görkəmli ziyalı Əjdər İsmayılovun həyat və yaradıcılığından danışıb. Rektor bildirib ki, görkəmli alim, tanınmış ziyalı Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. 1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, Daxili İşlər Nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin Ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olub. Qeyd olunub ki, filoloq-tarixçi 300-ə yaxın elmi əsər, məqalə və müsahibənin müəllifidir.

"Bu gün biz bu görkəmli şəxsiyyətin 85 illiyini qeyd edərkən, gözümüzün qarşısında bütün enerjisi, gücü ilə, dövlətə sədaqəti, elmə olan peşəkar münasibəti ilə həyatını keçirmiş bir şəxsiyyət gözümüzün önündə canlanır. Bütün çətin dövrlərdə Əjdər müəllim bir ziyalı kimi öz mövqeyini nümayiş etdirib. Dövlət müstəqilliyinin əldə olunduğu dövrlərdə xalqın maraqlarına və milli tariximizə qayıdışla bağlı məsələlərə həmişə həssas münasibət bəsləyib və ziyalı kimi bu proseslərin önündə gedərək konkret mövqe nümayiş etdirib" - Elbrus İsayev  bildirib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov çıxış edərək diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının ən fəal yaradıcılarından olan Əjdər İsmayılovun elmi fəaliyyəti ilə yanaşı, siyasi fəaliyyəti də təqdirəlayiqdir. Əjdər İsmayılov ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən ağır ictimai-siyasi mübarizədə Ümummilli Lider Heydər Əliyevin daim yanında olub və xalqın azadlığı uğrunda mübarizə aparıb. O, 1992-ci ildə Azərbaycan Respublikasına prezident seçkisi öncəsi Şərur əhalisinin toplantısını təşkil edib, dahi şəxsiyyət Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürdürüb. Bu toplantı görkəmli dövlət xadiminin Azərbaycanı müstəqilliyə aparacaq mübarizə yolunun başlanğıcı olub. 1992-ci ildə Əjdər İsmayılov Şərur rayonunda ziyalılardan ibarət "Heydər Əliyev tərəfdarları" təşəbbüs qrupunu yaradıb, rayon ərazisini dairələrə ayırıb və bir neçə ayda otuz iki mindən artıq tərəfdar siyahıya yazılıb. Şərurluların bu fəaliyyəti 1992-ci il 21 noyabr tarixində YAP-ın Naxçıvan şəhərində keçirilən təsis konfransının tarixi əsasını qoyub. 1992-ci ilin 24 aprelində Əjdər İsmayılov keçmiş Azərbaycan SSR Ali Sovetinin binası qarşısında ədalətsiz "Yaş senzi" ilə bağlı keçirilən mitinqlərin fəal təşkilatçılarından və iştirakçılarından olub. 1992-ci ilin 28 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası ictimaiyyəti nümayəndələrinin Ali Məclisin binasında keçirilən toplantısında az qala uçuruma yuvarlanan ölkənin xilasına gəlmiş dahi rəhbər Heydər Əliyevin ətrafında sıx birləşməyə çağırıb. 1994-cü il 5 oktyabr tarixində Ümummili Lider Heydər Əliyevin göstərişi ilə Azadlıq meydanında yüz minlərlə insanın iştitak etdiyi dövlət çevrilişinə etiraz  mitinqinin təşkilatçılarından biri də məhz Əjdər İsmayılov olub.

Böyük şəxsiyyətlər haqqında danışmaq çətindir. Bu gün elə bir şəxsiyyət haqqında danışırıq ki, o, akademik karyerası ilə önə çıxmışdır. Əminlikdə deyə bilərəm ki, Əjdər İsmayılov müasir Azərbaycanın siyasi tarixində əks olunan şəxsiyyətlərdən biridir. Əjdər müəllim Naxçıvan tarixini özündə təcəssüm edən bir şəxsiyyətdir. Çünki Əjdər müəllim həm Naxçıvanda yaşayıb-yaratdığı dövrlərdə, həm də Azərbaycanda milli dirçəliş dövrünə düşən gənclik illərində məhz milli düşüncə tərzində akademik yanaşmaları olmuşdur. Biz fəxr edirik ki, Yeni Azərbaycan Partiyasında Əjdər İsmayılov kimi bir adam olmuşdur" - Anar İbrahimov  qeyd edib.

Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bənzərsiz şəxsiyyəti ilə seçilən Əjdər İsmayılovun ədəbiyyatşünaslıq, tarix, dilçilik, türkologiya və digər sahələrdə apardığı bütün tədqiqatlar Azərbaycan elmi üçün mühüm töhfələrdir. Qeyd edilib ki, Əjdər İsmayılov "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" kimi uydurma tarix və şəxsiyyətlərlə bağlı ciddi əsərlər ortaya qoyub, Albaniya ilə bağlı önəmli araşdırmalar aparıb və həmin tədqiqatlar bu gün Alban ədəbiyyatını, mədəniyyətini, ictimai fikrini öyrənənlər üçün qiymətli mənbələrdir. Əjdər İsmayılovun ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etdiyini vurğulayan İsmayıl Hacıyev onun Ümummilli Liderimizin ən yaxın silahdaşlarından və məşhur "91-lər"dən olduğunu qeyd edib. Heydər Əliyevçilik uğrunda sonacan, qətiyyətlə, təmənnasız mübarizə apardığını deyən akademik bildirib ki, Əjdər İsmayılov həyatının sonuna qədər Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalıb, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.

"Elə bir tarixi şəxsiyyətin yubileyinə toplaşmışıq ki, o, öz vətəndaşlıq mövqeyinə, milli mövqeyinə yaşadığı bütün dövrlərdə diqqəti cəlb etmişdir və özünə tariximizdə, həyatımızda ən yüksək mövqeyi qazandırmışdır. Əjdər İsmayılov 1977-ci ildə Naxçıvan Dövlət Universitetinə gəlib və elə oldu ki, mən də 1978-ci ildə gəldim və həmin dövrdə Əjdər müəllimlə birlikdə çalışmışıq, iş yoldaşı sayılırıq. Öz fəaliyyəti dövründə Əjdər müəllim həmişə öz obyektiv mövqeyi ilə seçilirdi. Yüksək biliyi və tələbələrə səmimi, obyektiv yanaşması ilə seçilirdi. Əjdər müəllim rəsmi diplomuna görə filologiya alimdir. Lakin ğdeyildiyi kimi Əjdər müəllim tarixçi alimdir. Tarixlə bağlı diplomu yoxdur, lakin çoxsaylı diplomçulardan və tarixçi alimlərdən də yüksək səviyyəli mövqeyi və araşdırmaları ilə seçilən tarixçi alimdir" - İsmayıl Hacıyev əlavə edib.


Konfransda  həmçinin AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi, Hüseyn Cavid irsinini tədqiqatçısı Səbinə Dünyamalıyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov, tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuz, professorun tələbəsi, şair Rüstəm Behrudinin çıxışları olub. Çıxışlarda alimin ictimai-siyasi fəaliyyətindən, apardığı ədəbi, tarixi, albanşünaslıq, dil, filologiya sahəsindəki tədqiqatlardan bəhs edilib.

AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi, Hüseyn Cavid irsinin  tədqiqatçısı Səbinə Dünyamalıyeva bildirib ki, Əjdər İsmayılovun tədqiqatları həm hər bir ədəbiyyatşünas, tarixçi üçün, həm də hər bir azərbaycanlı üçün dəyərli nümunədir. Çünki onun bütün tədqiqatlarının ideyasını türkçülük, azərbaycançılıq təşkil edir. Səbinə Dünyamalıyeva bildirib ki, Əjdər İsmayılov deyirdi  ki, o, həm elm adamı, həm də siyasətçidir. Çünki onun yazdığı kitablar Azərbaycan dövlətinin mənafeyini müdafiə edir.

"Alimin Azərbaycan tarixinə aid yazdığı monoqrafiyaları, xüsusilə də 2006-ci ildə işıq üzü görən "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kimi kitablarında Azərbaycan reallıqları təsvir edilir. Alimin türkoloq kimi fəaliyyəti yalnız Azərbaycan tarixinə aid yazdığı kitablarında deyil, həmçinin türkçülüyü təbliğ edən, Cavidşünaslığa bəxş etdiyi əsərlərində də özünü göstərirdi. Əjdər İsmayılovun türkçülüyə məhəbbəti onu Cavidə daha çox yaxınlaşdırmışdır. Cavidşünaslığa bəxş etdiyi dəyərli əsərlər sırasında 1988-ci ildə doktorluq dissertasiyası olan "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənənəsi" mövzusunda əsərini misal göstərmək olar" - Səbinə Dünyamalıyeva qeyd edib.


Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov çıxışı zamanı əvvəlcə tədbirin  təşkili  üçün  Yeni  Azərbaycan Partiyasının  muxtar resublika   təşkilatının rəhbərliyinə  təşəkkür edib. Bildirib  ki, Əjdər İsmayılov Yeni  Azərbaycan Partiyasının  ən dəyərli simalarından biri və partiyanın  yaradılmasında əsl fədai olan  bir şəxsiyyətdir. Əjdər müəllim  dəyərli alim, yaxşı ziyalı  olub,  Azərbaycan tarixi üçün dəyərli Cavidşünas alim olub. O qeyd edib ki, Əjdər İsmayılov çıxışları zamanı ən çox Hüseyn Caviddən sitat gətirirdi

Əjdər müəllim bu gün çox insanların idealıdır. Mən qətiyyətlə deyirəm ki, Yeni Azəbaycan Partiyasının yaranmasında bir çox insanların rolu olub ki, onların içərisində öndə gedənlərdən biri Əjdər İsmayılov olub. Partiyanın yaranması təşəbbüsünü irəli sürən də Əjdər müəllim olub. Əslində  Heydər Əliyev partiyanın yaradılmasına tərəddüd edirdi. Deyirdi ki, bu elə  bir  partiya olmalıdır ki,əsl ziyalıları birləşdirə  bilsin.Ümummilli lider ona da müvəffəq oldu." - Vüsal İsmayılov əlavə edib.


Tədbirdə çıxış edən tarixi romanlar müəllifi, yazıçı-publisist  Yunus Oğuz  bildirib ki, biz hamımız Əjdər İsmayılovun müridləriyik. O, qeyd edib ki, Əjdər İsmayılov deyirdi, dövlət şüuru vətən şüurundan irəli olmalıdır:

"Dövlət şüuru olmalıdır, dövlət şüuru olduqda vətəni qoruya biləcəksiniz. İran üstümüzə niyə yeriyirdi? Çünki vətən var idi, dövlət yox idi. İrana vətəni göstərdik. Əjdər müəllim bunu deyirdi. Dövlətin sahibi ol. Əjdər müəllim yazıları, əsərləri ilə ölümsüzlüyə nail oldu".

Tədbir iştirakçıları ilə xatirələrini bölüşən professorun tələbəsi, şair Rüstəm Behrudi bildirib ki, Əjdər İsmayılov onun həyatında böyük rol oynayıb:

"Nə yaxşı ki, mənim həyatımda Əjdər müəllim kimi bir adam olub. Mən ondan çox şeylər öyrəndim. Əjdər müəllimin tələbələrindən biri də mənim yaradıcılığımdan müdafiə edib, yenə Caviddən. Yaxşı ki, mənim belə müəllimim olub".

O, həmçinin Əjdər İsmayılovun xatirəsinə şeir səsləndirib və konfransa dəvət olunduğu üçün təşəkkür edib.

Sonda çıxış edən Əjdər İsmayılovun oğlu, iqtisadçı alim, hüquqşunas, Turan Araşdırma Mərkəzinin sədri Cavid İsmayıl atası ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onun Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyi, dövlətçiliyə xidmətləri ilə qürur duyduğunu vurğulayıb. Cavid İsmayıl atasının 85 illik yubiley tədbirində göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimova Turan Araşdırma Mərkəzinin fəxri fərmanını təqdim edib.

Qeyd edək ki, konfransda, eyni zamanda professorun Azərbaycan və Türk dillərində çap olunmuş kitabları, qəzetlərdə çap olunan məqalələri sərgilənib. Bir neçə adda olmaqla 30-dan artıq kitab universitetin Elmi Kitabxanasına hədiyyə edilib.

















ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png