Şövkət Ələkbərovanın anadan olmasının 100 illiyi qeyd olunub

Oktyabrın 27-də Muzey Mərkəzində Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 100 illiyi qeyd olunub.

Tədbir sevimli müğənni Şövkət Ələkbərovanın ifasında Səid Rüstəmovun “Oxu gözəl” mahnısının səslənməsi ilə başlayıb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Şövkət Ələkbərovanın sənət yolundan və musiqi irsimizin yaşadılması, inkişafı naminə gördüyü böyük işlərdən danışıb: “El bir ev yoxdur ki, orada Şövkət Ələkbərovanın mahnıları səslənməsin. Hər sənətkar oxuduğu mahnılara öz imzasını qoya bilmir. Şövkət Ələkbərova bütün janrlarda gözəl ifa edirdi. O, oxuduğu mahnıları ilə şəxsiyyətinin dəyərini ifadə edirdi. Odur ki, Şövkət xanımın yaratdığı məktəb davamlı olacaq. Onun səsi hər zaman dinləyicilərin qəlbini fəth edəcək”.

Şövkət Ələkbərovanın məlahətli səsinin lent yazılarından silinmədiyini deyən Alla Bayramova bildirib ki, insanlar indi də bu qüdrətli sənətkarın oxuduğu “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamları, Azərbaycan bəstəkarlarının “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran” və “Dərələr” mahnılarını unutmurlar.

Tədbirin aparıcısı, muzeyin direktor müavini Təranə Zeynalova Şövkət Ələkbərovanın həyatı və zəngin yaradıcılıq yolu haqqında danışıb. Bildirib ki, nadir məlahətli səsi, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti ona xalq arasında muğamların, xalq musiqisinin təkrarsız ifaçısı kimi böyük şöhrət gətirib. Onun ifasında səslənən hər bir muğam və mahnı Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olaraq xalqın milli mədəni sərvətinə çevrilib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində Bakı Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, Şövkət Ələkbərovanın tələbəsi, Əməkdar artist Nuriyyə Hüseynova, yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli, Şövkət Ələkbərovanın gəlini, Tofiq Quliyev adına 12 nömrəli 11 illik Uşaq Musiqi Məktəbinin direktoru Gülnarə Səfərova Şövkət xanım haqqında xatirələrini bölüşüblər.

Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Şövkət Ələkbərova – 100” slayd-şousu ilə müşayiət olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının solisti, Şövkət Ələkbərovanın tələbəsi olmuş Əməkdar artist Nuriyyə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Muğam Müsabiqəsinin laureatı Nüşabə Kərimova, Ş.Ələkbərova adına 20 nömrəli 11 illik Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifalarında konsert proqramı təqdim olunub.

Xatırladaq ki, Şövkət Ələkbərova 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Unudulmaz sənətkar 1993-cü il fevralın 7-də dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png