Vətən müharibəsində şəhid olan müəllimlərimiz

44 günlük Vətən müharibəsində zəfərin qazanılmasında payı olanlar sırasında 700-dək təhsil işçisi var. Onların 20 nəfəri qəhrəmancasına şəhid olub.

Şəhadətə ucalmış müəllimlərimiz haqda məlumatları təqdim edirik

- Vəliyev Vüqar Emin oğlu 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2019-cu ildən isə Quzanlıda yerləşən Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbinə idman müəllimi kimi işləyib. O, 2020-ci il oktyabrın 17-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində şəhid olub.

- Famil Ağaəhməd oğlu Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində tarix müəllimi kimi fəaliyyətə başlayıb. Vətən müharibəsi başlayan gündən könüllü olaraq cəbhəyə yollanan F.Əhmədzadə oktyabrın 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

- Rəşad Fərəməz oğlu Məmmədov 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində anadan olub. O, 2010-cu ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2013-cü ildə isə Gədəbəy rayon Qoşabulaq kənd 1 saylı tam orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 8 noyabr 2020-ci ildə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

- Elvin Elsevər oğlu İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2006–2010-cu illərdə Azərbaycan Dillər Universitetində fransız dil müəllimliyi ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə əmək fəaliyyətinə orta təhsil aldığı Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində başlayıb. O, 2020-ci il noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

- Ehtiram Həsən oğlu Hüseynli 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub. 1994-1998-ci illərdə ali təhsilini N. Tusi adına Azərbaycan Pedaqoji Universitetində alıb. Əmək fəaliyyətinə 2002-ci ildən Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə müəllim olaraq başlayıb. O, oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhid olub.

- Qoşqar Səxavət oğlu Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinə daxil olub. 2018-ci ildən isə Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb. Qoşqar Ömərov noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhadətə ucalıb.

- Vidadi Vaqif oğlu İsrafilov 1987-ci il 8 iyunda Daşkəsən rayonun Gurbulaq kəndində anadan olub. 2005-2009-cu ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alıb. Ali təhsilini bitirəndən sonra təyinatla kəndinə öz kəndində müəllim olaraq çalışıb. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

- Elxan Ariz oğlu Rzayev 1994-cü il avqustun 15-də Sabirabad rayonunun Qəzli kəndində anadan olub. O, noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub.

- Xalid Qabil oğlu Nəciyev 1992-ci il iyulun 3-də Saatlı rayonunda anadan olub. 2009–2013-cü illərdə isə Gəncə Dövlət Universitetinin tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb. 2017–2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb. X.Nəciyev noyabrın 5-də Laçında gedən döyüşlər zamanı Səfiyan istiqamətində şəhid olub.

- Elgün Vasif oğlu Quliyev 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2010–2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasını bitirib. 2020-ci ildə Lerik rayonunun Sors kəndində əmək fəaliyyətinə başlayıb. Noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

- Tural Rəhimov 1993-cü il yanvarın 1-də Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olub. O, 2010-2014-cü illərdə Lənkəran Dövlət Universitetində "Kimya-biologiya" ixtisası üzrə ali təhsil alıb. 2016-cı ildən müəllim olaraq işləyib. Tural Rəhimov oktyabrın 22-də Qubadlı uğrunda döyüşlər zamanı şəhid olub.

- Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsilin təşkili və idarə olunması” ixtisasını bitirib. O, noyabrın 6-da Daşaltı-Şuşa istiqamətində qəhrəmancasına şəhid olub.

- Əvdil Qardaşxan oğlu Quliyev 31 iyul 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. O, 6 noyabr 2020-ci ildə Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid olub.

- Rabil Elbrus oğlu İsmayılov 1980-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. O, noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində "Tətbiqi riyaziyyat" üzrə ali təhsil alıb. 2017-ci ildən M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışırdı.

- Emil Vaqif oğlu Qurbanov 1980-ci il avqustun 25-də Lənkəranda anadan olub. 1998-ci ildə Lənkəran Dövlət Universitetinin “Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı” ixtisasını bitirib. Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olub.

- Kənan Azər oğlu Müzəffərli 22 dekabr 1995-ci ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub. 2013-cü ildə Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. O, 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png