Bosniya və Herseqovinada Zəfər Günü qeyd olunub

Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə səfirliyin əməkdaşları, Türkiyənin bu ölkədəki səfiri Sadık Babür Girgin və səfirliyin əməkdaşları, Bosniya və Herseqovinada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Fələstin səfiri Rezeq Namoura, İndoneziya səfiri Roem Kono, o cümlədən Türkiyənin Bosniya və Herseqovinada fəaliyyət göstərən çoxsaylı qurumlarının rəhbər və nümayəndələri, humanitar təşkilat olan “Merhamet” Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri, Novi Qrad bələdiyyəsinin sədri, Anadolu Balkan və TRT Balkan kimi kütləri informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Nümayəndə heyətləri “Dostluq parkı”nda ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzüb, Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri Yunus Keleş dualar oxuyaraq işğaldan azad olunan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canlarından keçmiş Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edib.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev çıxışında sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini qeyd edib. Səfir 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən söz açıb, bu şanlı Qələbəyə aparan məşəqqətli siyasi və diplomatik yollardan geniş bəhs edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Ordumuzun tarixi missiyasını yerinə yetirərək təxminən üç onillik ərzində erməni tapdağı altında olmuş Qarabağımızı işğaldan azad etdiyini vurğulayıb. V.Quliyev, həmçinin Azərbaycanın Ermənistanla əlaqələrin normallaşması üçün sülhə hazır olması barədə danışıb, dövlətimizin hər zaman konstruktivliyə üstünlük verdiyini, Cənubi Qafqaz regionunda sabitliyə, əmin-amanlığa və regional inkişafa can atdığını diqqətə çatdırıb. Diplomat azad edilmiş torpaqlarımızda həyata keçirilən nəhəng layihələrdən, yenidənqurma və bərpa işlərindən danışıb.

Türkiyənin Bosniya və Herseqovinadakı səfiri Sadık Babür Girgin Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan hərbçilərimizin xatirəsini anıb, şəhidlərimizin yaxınlarına səbir diləyib. Türkiyənin tarix boyu azərbaycanlı qardaşlarına dəstək olduğunu, Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana həm mənəvi, həm də siyasi dəstəyini əsirgəmədiyini, iki qardaş ölkənin bütün sahələrdə, o cümlədən beynəlxalq platformalarda daim bir-birinin yanında olduğunu, Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqələrimizin zirvəyə ucaldığını vurğulayıb.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png