Qubadlının havasının, suyunun dadından doyunca bəhrələnməyən ŞAİR

Sosial şəbəkələrdə, portallarda maraqlı bir insanın, şeirlərini diqqətlə dinlədiyim bir gənc şairə rast gəldim, qərara aldım ki, bu gənc şairlə görüşüb bir az söhbətləşəm. Onun işğaldan azad olunmuş Qubadlıdan olması məndə bir az da maraq oyatdı. Bilirdim ki, Qubadlı yazarlar diyarıdır, amma bu gənc şairin 9 yaşında Qubadlıdan çıxması, Bakı şəhərində yazıb yaratması, heç Qubadlının havasının, suyunun dadından doyunca bəhrələnə bilmədən oranı tərk edən bu oğlana görəsən bu isdedad haradan gəlib?
Haşiyə: Nadir Qüdrət oğlu Vəlişzadə 1 mart 1984-cü il tarixdə Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub. 1990-2000-ci illərdə Bakı şəhəri, Xətai rayonu 245 saylı orta məktəbində təhsil alıb, 2001-2006-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alıb. 2006-2007-ci illərdə Azərbaycan Respublikasının ordu sıralarında xidmət edib. 2010-cu ildən isə dövlət qulluğunda çalışır.

-Nadir Bəy, ata-baba yurdunuz Qubadlı ilə bağlı hansı təəssüratlarınız var.

-Bildiyiniz kimi mənim ata-baba yurdum Qubadlı rayonu, daha dəqiq desək rayonun Sarıyataq kəndidir. Uşaqlığımın 5 yaşına qədər olan dövr məhz həmin kənddə keçmişdir. Hər bir halda uşaqlıq insan ömrünün qayğısız, xoşbəxt və unudulmaz illəri ilə yadda qalan bir dövrüdür. Kəndimizlə bağlı çox xatirələrim var. Orada keçirdiyim uşaqlıq illərim, kəndimizin hər yanı, gözəl Həkəri çayı….saymaqla bitməyən hər anı bu gün də gözlərimdə canlanır. 1993-cü il 31 avqust tarixində Qubadlı rayonu erməni mənfurları tərəfindən işğal olduğu vaxt mənim 9 yaşım var idi. Doğma yurddan məcburi köçkün düşmək və bu dərdlə 27 il yaşamaq da bir ayrı dərd idi. Şükür Allahın bugününə başda müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və müzəffər Azərbaycan ordusu sayəsində məhz Qubadlıda digər işğal olunmuş ərazilər kimi düşmən tapdağından azad olunmuşdur. Bugün bu qüruru böyük sevinc hissləri ilə yaşayırıq. Mən inanıram ki biz bir daha belə müharibələr görməyəcəyik və bundan sonra xalqımız həmişə firavan və xoşbəxt həyat sürəcəkdir.
-Poeziyaya gəlişiniz və ilk qələm məhsulunuz olan şeriniz hansıdır? Ümumiyyətlə şerlərinizi ən çox hansı mövzuda yazırsız? 
Ədəbiyyata, poeziyaya maraq məndə hələ məktəbdə oxuduğum dövrlərdə yaranmışdır. Hətta o vaxtlar kiçik hekayələr yazmaqla özümü sınamağa çalşırdım. Deyim ki elə güclü hekayələr yazırdım, xeyr amma ədəbiyyata bir ayrı maraq göstərirdim. Hətta ədəbiyyatımızın görkəmli nümayəndələrinin şerlərini oxuyur, onları əzbərləyirdim. Günü bugünə kimi hər daim mütaliə edir, ədəbiyyatdan ayrı düşə bilmirəm. Belə olmadıqda elə bil özümü nəsə natamam hiss edirəm. Sizə bir maraqlı faktı da deyim Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuduğum illərində tələbə yoldaşlarımın əksəriyyəti məni “şair” deyə çağırırdılar. Bu gün də onların işlətdiyi mobil  telefonlarında adım “şair” kimi qeyd olunub))) Mən poeziyaya çox gec yaşımda – 35 yaşımda qatılmışam. Bilirsiniz şer şəxsən mənim üçün özümü tapa bildiyim böyük bir dünyadır. O dünyada ki, hər şeyimi, hər hissimi, hər anımı bölüşə bilir, onu oxuculara çatdıra bilirəm. Şeiri yazmaq təkcə qafiyələri biri-birinə uyğunlaşdırmaq üçün yazılmamalıdır. Şeri elə yazmalısan ki, qarşındakı oxucu onu oxuduqda şairin ürəyindən keçənləri şeirin elə ilk bəndindən tuta bilsin, onun ruhunu oxşaya bilsin. Sevirsə sevgisini şerin elə hər misrası ilə şəhanə yaşasın, kədər, ayrılıq acısı çəkirsə məhz o misralarla kədərlənə bilsin və yaxud da yazılan hər hansı vətənpərvərlik və nəsihət mövzusunda ilk qəhrəman kimi özünü görsün. Bu halda şer onun üçün doğma bir şəxs kimi hər daim dilinin əzbəri olacaq. İlk qələm məhsulum “Sən mənim ömrümə gəldiyin gündən” şeiridir. 2019-cu ilin avqust ayında yazmışam. Şerlərim mövzu etibarı ilə əsasən məhəbbət, vətənpərvərlik və insani dəyərlər üzərində qurulub.

-İnternet saytlarında, portallarda əsasən məhəbbət mövzusunda şerlərinizin çoxluğuna rast gəlirik. Niyə görə məhz məhəbbət mövzusu? Şerlərinizə ilham verən şəxsin kimliyi barəsində bilmək olarmı? 
-Əvvəla Sizə onu deyim ki, şer yazmaq istedadı mənə mərhum atam Qüdrət Əhmədovdan irsən keçib. Onun yazdığı şerləri, əlyazmaları bu gündə mənim üçün örnək olası bir yoldur. Məhz indi Siz oxucuların qarşısına Nadir Qüdrətoğlu imzası ilə çıxmağım da onun ruhuna dərin ehtiramdan irəli gəlir. 
-Atanıza Allah rəhmət eləsin.
-Sağ olun
Mənim şerlərimin səsləndirilməsində, onun Siz oxuculara təqdim edilməsində sənətinə və qiraətinə dəyər verdiyim şair Roma Xosrov qardaşıma təşəkkürümü bildirirəm. İlk Nadir Qüdrətoğlu imzamla məhz onun sosial şəbəkələrdəki səhifələrində, eləcə də ki YouTube portalındakı olan kanalında yayımladığı şerlərimlə tanınmağa başlamışam. Daha sonra bu yaxınlarda çapdan çıxmış “Yeni Uğur” antologiyasının II cildində 5 şerimin çap edilməsini həyata keçirən redaksiya heyətinə, şəxsən kitabın redaktoru, dəyərli qələm dostumuz Elvin İntiqamoğluna təşəkkürümü bildirirəm. Sualınıza cavab olaraq bildirmək istəyirəm ki dahi Azərbaycan şairi Hüseyn Cavidin “Mənim Tanrım” şeri məncə bu sualınıza bir cavabdır.
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.
Gözəl sevimlidir, cəllad olsa da;
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarı gözəllikdir, sevgidir.
Gözəlsiz bir gülşən zindana bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.
Mənim üçün məhəbbət yaşanmayacaq qədər gözəl, dərk edilməyəcək qədər sadə görünən bir məfhumun arxasında dayanan böyük bir fəlsəfədir. O fəlsəfə ki, sən sevmək hissini hər yaşadıqca həyata olan inamın, gələcəyə doğru ümidlərin artır. Sizə onuda bildirim ki, şerlərimin əsas üstünlüyünü məhz məhəbbət şerləri təşkil edir və şerlərimdə olan hisslər, duyğular hər birisi nikbin notlardır. Məhəbbət mövzusunda yazdığım şerlərimin hamısı məhz mənə bu ilhamı verən həyat yoldaşım Suruş xanıma ithaf olunub. Mən bütün şerləri onu vəsf edərək yazmışam. Düşünürəm ki, elə məhəbbətin ən güclüsü də sevdiyin şəxsə, istəklinə, həyat yoldaşına olanıdır. 
-Hansı şairlərimizin şerlərini çox sevirsiz? Ədəbiyyatda getdiyi yolu, onun seçdiyi üslubu örnək götürdüyünüz şair hansıdır? 
-Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən günümüzə qədər olan dövrədək çox böyük nümayəndələri olub. Klassiklərimizdən yaşadığımız dövrümüzədək çox sayda şairlərimizin adlarını saymaq olar. Amma məhz bizim dövrdə şerlərini böyük həvəslə doya-doya oxuduğum Ramiz Rövşənin, Nüsrət Kəsəmənlinin, Bəhmən Vətənoğlunun, Sücayətin şerləri məndə hər zaman bir ayrı təəsüratlar yaradıb. Ümumiyyətlə mən şeri oxuyarkən onun böyük və imzası tanınmayan şair olan statusuna heç vaxt nəzər yetirməmişəm. Əgər o, şer məni sözün yaxşı mənasında silkələyibsə, məni özünə bağlaya bilibsə, şer dilimin əzbərinə çevirilibsə, demək ki, bunu yazan şəxs şeri ilə nəinki məni, mənim kimi çoxsaylı oxucularını da şerləri ilə özünə çəkə biləcək. Düşünürəm ki ən böyük şair olan şəxs də məhz həyatı hər yönləri ilə yaşamış şəxs olmalıdır. Əslində şer həm də onu yazan üçün bir növ 2-ci dünyadır. Şer var ki sən onu yazarkən və ya oxuyarkən həyat eşqin yüksəlir, arzuların çoxalır, ya da ki tam əksinə acılarla, dərdlərlə bir dolu dünyada o yükü çəkəcək qədər aciz bir insan obrazına düşürsən. Mənim üçün şerləri ilə ədəbiyyatda yolunu örnək götürdüyüm insan xalq şairimiz Ramiz Rövşəndir. Ramiz Rövşən nəinki mənim hətta bütün ədəbiyyatsevərlərin hər birisi üçün doğma və əvəzolunmaz şairdir.
-Vətənpərvərlik və insani dəyərlər mövzusunda hansı şerləriniz daha çox oxucu və dinləyicilər tərəfindən bəyənilmişdir? 
-Vətənpərvərlik mövzusunda yazdığım şerlərim “Şəhidlər”, “Qubadlım” şerlərim, insani dəyərlər mövzusunda yazdığım “Allahım” və “Ey insan” şerlərim oxucular tərəfindən öz müsbət rəyini almışdır. Həmin şerlər də məhz yuxarıda qeyd etdiyim kimi YouTube portalında yayımlanmışdır. Hər biriniz məhz YouTube portalında “Nadir Qüdrətoğlu” adını axtarış verməklə Roma Xosrovun qiraətində həmin şerlərimi, eləcə də digər şerlərimi dinləyə bilərsiniz. 
-YouTube portalında başqa hansı internet saytlarında, kitablarda şerləriniz yayımlanıb, çap olunub? 
-Yazdığım şeirlərdən “Sən mənim ömrümə gəldiyin gündən”, “Sevdiyim” və “İndi” şerlərimdə YouTube portalında paylaşılan, ən çox sevilib, bəyənilən şeirlərimdən olub. YouTube portalından başqa ONN İnformasiya Agentliyinin rəsmi veb səhifəsində yayımlanmış, “Yeni Uğur” antologiyasının II cildində şerlərim çap olunmuşdur. Bir daha Sizin vasitənizlə şerlərimin hər dəfə yayımlanmasında xüsusi diqqət ayırdığına görə, ONN İnformasiya Agentliyinə, “Turan Araşdırma Mərkəzi”nin sədr müavini Cavid İsmayıla və antologiyada şerlərimin çap olunmasına diqqət ayıran Elvin İntiqamoğluna dərin təşəkkürümü bildirirəm. 
-Özünüzdə gənc şair olmaqla yeni ədəbiyyata gələn və özünü bu sahədə təqdim edən şəxslərə hansı sözləriniz olardı? 
-Mən özümdə ədəbiyyata gəldiyim ilk vaxtlarda nə vaxtsa şeirlərimlə insanların könlünü, ruhunu oxşayacağımı düşünmürdüm. Bu gün insanlardan, xüsusilə də ədəbiyyat nümayəndələrindən yazdığım şerlərimlə bağlı istər müsbət, istərsə də tənqidi rəyləri aldıqda çox sevinirəm. İnanıram ki, bu rəylər mənim gələcək yaradıcılıq uğurlarıma böyük təkan verəcək. Odur ki, buradan bütün gənc qələm dostlarımıza bildirmək istəyirəm ki heç vaxt ruhdan düşməsinlər. “Alınmır”, “sevilmir”, “bəyənilmir” düşüncəsi ilə özlərinə yükləməsinlər, Əksinə daha çox çalışmaqla, mütaliə etməklə, düzgün şeir yazmaq qaydalarını öyrənməklə, qafiyələrin hər misrada düzgün formada şeirin məzmununa uğun seçilməsinə riayət edərək yazmaqla müsbət nəticələrə nail ola bilərlər. Bu zaman şerləri oxuyan hər kəs üçün o şeirlər mənəvi qida kimi ruhuna böyük rahatlıq və həzz bəxş edəcək. Bu yolda özüm daxil bütün gənc dostlarımıza uğurlar arzu edirəm.
-Sonda oxuculara hansı sözünüz olardı? 
-Buradan Sizin vasitənizlə bir daha şerlərimi oxuyan, onlara qiymət verən, bəyənən, oxucularıma, hər istənilən sosial şəbəkə və portallarda yaımlanmasında, kitablarda çap edilməsində zəhmət çəkən şəxslərə, yaradıcılığıma ayırdığınız diqqətə, səmimi söhbətimizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Yaxın vaxtlarda yazdığım şerlərimdən ibarət “Sən mənim ömrümə gəldiyin gündən” ilk kitabımın ərəsəyə gəlməsi üçün çalışıram. Tezliklə görüşənədək!
-Sizə uğurlar diləyir, arzu edirik ki, həm şair, həm də nümunəvi Azərbaycan vətəndaşı kimi həmişə seviləsiniz.
Bilman İSAQ

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png