Azərbaycanın Rus İcması dünya ictimaiyyətindən Xocalı soyqırımının tanınmasını tələb edir

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diaspor Gəncləri (ADG) şəbəkəsinin təşkilatçılığı ilə "Xocalı faciəsi: ürəklərdə sağalmayan yara" mövzusunda videokonfrans keçirilib.
Komitədən bildirilib ki, tədbirdə Moskvadakı Dövlət İdarəetmə Universitetinin professoru Sergey Qarnik, Azərbaycanın Rus İcması (ARİ) sədrinin müavini Anastasiya Lavrina, Xocalı sakini Anar Abdulov, Sankt-Peterburq Azərbaycanlı Gənclər Birliyinin sədri Elman Manafov,  Azərbaycan–Rus Gənclər Birliyinin idarə heyətinin üzvü Regina Kovaleva və başqaları iştirak ediblər.
Tədbirin moderatoru, ADG-nin Rusiya üzrə koordinatoru İlahə Ələkbərova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edən erməni silahlı birləşmələrinin dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirdikləri barədə ətraflı məlumat verib.
Xocalı sakini Anar Abdulov həmin dəhşətli gecə şahidi olduğu qanlı hadisələrdən danışıb. Onun sözlərinə görə, erməni faşistləri qırğını törətməklə xalqımızın iradəsini sındırmaq, gözünü qorxutmaq məqsədi güdsələr də, buna nail ola bilmədilər: 
"Bu ağrını hər zaman xatırladıq və daha da gücləndik. Bu cinayət onu törədənlərin insani dəyərlərdən uzaq olduğunu ortaya qoydu, çünki müdafiəsiz qalan qadınların, qocaların və məsum uşaqların soyuqqanlı və amansız şəkildə öldürülməsinə heç cür haqq qazandırmaq olmaz".
Tədbirdə çıxış edən S.Qarnik, A.Lavrina, E.Manafov və R.Kovaleva bildiriblər ki, Xocalı soyqırımı azərbaycanlıları qorxutmaq, mülki əhalinin evlərini tərk etmələri üçün qəsdən törədilmiş cinayət aktı olub. Onlar hər il 26 fevral tarixinin yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində azərbaycanlılarla yanaşı qeyri-insani münasibəti qəbul etməyən xeyirxah insanlar tərəfindən də yad edildiyini, Azərbaycandakı rus gənclərinin öz həmvətənləri ilə birlikdə anım mərasiminə qatıldıqlarını, azərbaycanlılara yaşadılan vəhşətin izlərinin yaddaşlardan heç zaman silinməyəcəyini vurğulayıblar.
"Əlimizdəki rəqəmlər də dəhşətlidir. Cinayətkarlar cəzalandırılana qədər hamımız özümüzü xocalılı hesab etməliyik və dünya ictimaiyyəti tərəfindən Xocalıda törədilən soyqırımın tanınmasına nail olmalıyıq", - deyə Lavrina söyləyib. 

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png