Bu gün erməni generalı boğub öldürən şəhidin doğum günüdür

Bu gün erməni generalı boğub öldürən şəhidin doğum günüdür Erməni generalını boğub öldürməsi ilə tarix yazan şəhid Cəbrayıl Dövlətzadənin bu gün doğum günüdür.

Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıtda doğulub. Əslən Zəngilan rayonundandır. Bir bacısı və bir qardaşı var. Rəsm çəkib, musiqi bəstələyib, eyni zamanda 9 il cüdo ilə məşğul olub.
Cəbrayılın 8 yaşı olanda valideynləri ayrılıb. Anasının sözlərinə görə, əri övladları ilə maraqlanmayıb. Lakin Cəbrayıl elə o yaşdan etibarən özünü ailə başçısı kimi aparıb. 12 yaşından ofisiant işləməyə başlayıb. Cəbrayıl Dövlətzadəni bir çox istiqamətlərdə istedadı olub.
Cəbrayıl Dövlətzadə 2019-cu ilin oktyabr ayından Cəlilabadda sərhəd qoşunlarında xidmət etməyə başlayıb.
Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması 19 yaşlı əsgəri olduqca məyus edir. Həmin gün verdiyi söz yerdə qalan iki aylıq həyatının mayakına çevrilir: "Polad Həşimovun qisasını alacam".
Ərizə yazaraq, xüsusi təyinatlı tabora qatılır. 44 günlük müharibə başlanan an könüllü olaraq döyüşə atılır.
Murovdağda düşmən mövqelərinin və xüsusi postlarının ələ keçirilməsi planı həyata keçirilir. Əməliyyatda 11 zabitlə yanaşı 19 yaşlı Cəbrayıl da iştirak edir.
Anası müsahibələrindən birində qeyd edir ki, ona verilən məlumata görə Cəbrayıl ən təhlükəli anda zabitlərə səslənərək, onların ailəli olduğunu deyib və geri qayıtmaqlarını xahiş edib. Cəbrayıl yalın əllə düşmən generalının, polkovnikin üstünə gedəndə yəqin ki, hədəfinə çatdığını yaxşı bilirdi. Onun qarşısındakı düşmən generalı, polkovniki kimliyindən asılı olmayaraq, bu an Polad Həşimovun qatili idi.
Dövlətzadə düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalır. Düşmənlə əlbəyaxa döyüşə girərək erməni generalını və polkovnikini boğaraq öldürüb
Anası Məleykə Məmmədzadənin Cəbrayılın döyüş yoldaşılarından aldığı məlumata görə Dövlətzadə həmin əməliyyata tək girib və 11-ə yaxın düşmən hərbçisini öldürüb.
Cəbrayıl əməliyyat zamanı yaralanıb. Lakin yoldaşları onu hadisə yerindən çıxaranda o əli ilə “əla” işarəsi də göstərməyə güc tapıb.
Cəmi bir gün döyüşən, son aylar ərzində qurduğu bütün planları bir günə, hətta bir neçə saata həyata keçirən Cəbrayıl Dövlətzadə 2020-ci ilin sentyabrın 28-də çoxlu qan itirdiyi üçün şəhid olur.
O, ailəsini, gənc ömrünü qurban verdiyi idealı, mərhum general Polad Həşimovun yanında, ikinci fəxri xiyabanda dəfn olunur. Ölümündən sonra Vətən uğrunda və Azərbaycan Bayrağı ordenləri ilə təltif edilir...
Cəbrayıl Dövlətzadənin həmin əməliyyatda öldürdüyü yüksək rütbəli şəxslərin kimliyi ilə bağlı məlumat olmasa da, dəfn olunduğu məkan və ona verilən təltiflərdən görünür ki, o, Azərbaycan tarixinə düşəcək qəhrəmanlığa imza atıb. 44 günlük müharibənin altına adını qızıl hərflərlə yazan qəhrəman kimi Azərbaycan hərb tarxində Cəbrayılın adı daim hallanacaq.
Ruhun şad olsun, yoldaş əsgər, ulu şəhid!

Geri qayıt