Rusiyalı politoloq: Azərbaycan başa düşür ki, suverenlik müasir dünyada dövlətin mövcudluğu üçün əsasdır

Politoloq, “Vestnik Kavkaza” agentliyinin baş direktorunun müavini Andrey Petrov söhbətində Avropa qurumlarında Azərbaycana yanaşmada baş verənlərə öz baxışlarını bölüşüb.

-Azərbaycan 2000-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA), 2001-ci ildə isə Avropa Şurasının tamhüquqlu üzvünə çevrilib. Ölkəmiz Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdan ötrü bu təşkilata qoşulub. Lakin gördüyümüz kimi, Avropa qurumları bu prosesə kömək etmədilər, əksinə, Azərbaycan üçün problem yaratdılar. Avropa Şurası Azərbaycana nə üçün lazımdır?

- Avropa Şurası insan hüquq və azadlıqları, demokratik dəyərlər və qanun məsələləri üzrə öz üzvləri arasında əməkdaşlığı inkişaf etdirən məşvərətçi təşkilat kimi yaradılmışdı. Lakin indi biz görürük ki, Avropa Şurası sadəcə Qərbin iri dövlətlərinin öz iştirakçılarına hansısa real iqtisadi və siyasi zərbə endirə bilməyən, lakin faktların təhrif olunduğu müxtəlif sənədlərin qəbul edilməsi yolu ilə onlara daimi təzyiq göstərən növbəti şərti-cəza orqanına çevrilib.

İndi Azərbaycan Qərb tərəfindən siyasi hücumlar üçün belə hədəflərdən birinə çevrilib. Beynəlxalq hüquq normalarına şərtsiz riayət edən ölkənin - Azərbaycanın hüquqlara və qanunun aliliyinə hörmətin təşviqini bəyan edən təşkilatın üzvlüyündə qalmasının mənası varmı? O təşkilatın ki, özü Azərbaycanın hüquqlarını pozur və onun qanuni hərəkətlərinə qarşı siyasi kampaniyalar aparır.

Etiraf etmək olar ki, Azərbaycan Rusiyanın təcrübəsini təkrarlayacaq və Avropa Şurasında öz üzvlüyünü dayandıracaq. Əgər Rusiya təcrübəsinə nəzər salsaq, o halda görərik ki, Avropa Şurasından çıxmaqla Rusiya üçün heç nə dəyişmədi. Avropa Şurasında qalmaq üçün neqativ hərəkətlərə müqaviməti davam etdirmək üçün arqumentlər var. Lakin Azərbaycanın hakimiyyət orqanları indiki Avropa Şurasında üzvlüklə bağlı bütün müsbət və mənfiləri nəzərə alacaq, ümumiyyətlə buna zaman və vəsait sərf etməyin lazım olub-olmadığını müəyyən edəcəklər.

-Qərbdə bəzi siyasi qüvvələr bu təsisatlardan bizim ölkəyə təzyiq vasitəsi kimi istifadə edirlər. Görünür, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. Siz Avropa qurumlarında anti-Azərbaycan kampaniyasını Azərbaycanın müstəqil siyasətinə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasına reaksiya hesab edirsinizmi?

-Nə üçün Avropa Şurasında indi Azərbaycan üzərinə koordinasiyalı siyasi hücum aparılır? Hazırkı qlobal dəyişikliklər dövründə Qərb regiondan kənar dövlətlərə öz təsirini mümkün qədər çox konsolidasiya etmək istəyir. Onların əlaltısı olmağa razılıq verənlərlə özlərini müvafiq aparır, razılıq verməyənlərə isə onları da ram etmək ümidi ilə təzyiq göstərir. Avropa Parlamentində artıb törəyən bütün anti-Azərbaycan bəyanatlar, bütün feyklər təkcə bu cür təşkilatlardakı erməni diasporunun, lobbiçilərinin fəallığı ilə deyil, həm də bu təşkilatların ən iri üzvləri olan Fransa və Almaniyanın Azərbaycanı özünə tabe etmək istəyi ilə bağlıdır.

Azərbaycan suverenliyin müasir dünyada dövlətin mövcudluğu üçün əsas olduğunu dürüst anladığına və Qərb tərəfindən heç bir təzyiqə boyun əymədiyinə görə, sizə qarşı kampaniya güclənir. Azərbaycan bu il AŞPA-nın nümayəndələrini seçkiləri izləmək üçün dəvət etmirsə, burada təəccüblü heç nə yoxdur. AŞPA-nın və ATƏT-in müşahidəçilərinin bundan əvvəlki iştirak təcrübəsi göstərir ki, onlar əvvəlcədən tərtib edilmiş təlimatlara uyğun olaraq tənqidi hesabatlar yazır və Azərbaycanda əslində seçkilərin necə keçməsi barədə həqiqəti işıqlandırmırlar. Onları dəvət etmək nəyə lazımdır?

Hazırda Avropa İttifaqında Azərbaycana münasibətdə “şəxsiyyətin ikiyə bölünməsi” baş verir. Belə ki, Avropa Komissiyası Azərbaycan qazının Aİ-yə ixracatının artımını tamamilə müsbət dəyərləndirir və dəstəkləyir. Yəni Azərbaycan iqtisadi səviyyədə sözsüz ki, dəstəklənir. Siyasi səviyyədə isə bu təşkilatlar tərəfindən təzyiq göstərilir. Həmin təşkilatlar Azərbaycana hüquqi cəhətdən məcburi təzyiq göstərə bilmir, lakin daim mənfi fon yaradırlar


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png