"Rusiya parçalanarsa, ərazisində üç erməni dövləti yarana bilər"- YUNUS OĞUZ

"Rusiya parçalanarsa, ərazisində üç erməni dövləti yarana bilər"- YUNUS OĞUZ Yunus Oğuz: "Rusiya Ukraynanın ərazi bütövlüyünə qəsd edib"
Azərbaycanla Rusiya arasında imzalanan qarşılıqlı Müttəfiqlik Haqqında Bəyənnamədən sonra Rusiya ordusu Ukrayna ərazisinə daxil olub. Baş verən hadisələr və onun Azərbaycana təsiri ilə bağlı suallarımızı Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz cavablandırıb.
-Yunus bəy, Azərbaycanla Rusiya arasında imzalanan qarşılıqlı Müttəfiqlik Haqqında Bəyənnamə ölkəmizə nə vəd edir?
- Azərbaycanla Rusiya arasında imzalanan qarşılıqlı Müttəfiqlik Haqqında Bəyənnamə Azərbaycanın maraqlarına uyğundur. Əslində iki dövlət arasında ərazi bütövlüyünün tanınması haqqında sənəd hələ 1997-ci ildə bağlanmışdı. Sənəddə Azərbaycanın təhlükəsizliyi, ərazi bütövlüyü kimi məsələlər əksini tapmışdı. Qarşılıqlı Müttəfiqlik Haqqında Bəyənnamədə də Azərbaycanı təhdid edəcək maddələr yoxdur. Buna baxmayaraq məni daha çox razı salan Bəyənnamənin 1, 9 və 18-ci bəndləridir. 1-ci bənddə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü kimi məsələlər, 9-cu bənddə isə 10 noyabr 1920-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il müqavilələrinin həyata keçirilməsi və onlara əməl olunması  əksini tapıb. Bu o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü qorunur, iki və üçtərəfli müqavilələrin icrası təmin olunur və Azərbaycanla separatizmə, insan alveri, insan orqanlarının satılması, narkomaniyaya qarşı mübarizə kimi məsələlərdə əməkdaşlıq edilir. Bu baxımdan belə bir sənədin imzalanması, Şuşa Bəyənnaməsindən sonra çox vacib idi. Çünki bu sənəd Azərbaycanın bütövlüyünü cığırdan düz yola çıxarır. Artıq separatçılara yol yoxdursa, Qarabağda qalan erməni silahlıları da oradan çıxarılmalıdır. Üstəlik, Azərbaycanın Tərtər, Gəncə, Bərdə şəhərlərinə bomba atılması əmrini verənlərin cinayət işinə cəlb olunması təmin edilməlidir. Bununla Araik, o cümlədən Qarabağa gələrək züy tutanları da cinayət məsuliyyətinə cəlb etmək və beynəlxalq axtarışa vermək olar. Əsas məsələ ondadır ki, Azərbaycan özünün təhlükəsizliyini iki tərəfdən təmin edir. Birinci Şuşa Bəyənnaməsi ilə NATO tərəfdən, ikincisi isə Rusiyanın yaratdığı və aparıcısı olduğu KTMT tərəfdən. Şox vacib məsələdir ki,  Azərbaycan öz təhlükəsizliyini, ərazi bütövlüyünü  artıq müqavilələrlə qoruyur. Deməli, Azərbaycan heç kimə tabe olmadan ikitərəfli müqavilələr bağlamaqla çoxvektorlu bir siyasət aparır. Gələcəkdə də bu siyasətin zərərini yox, xeyrini görəçəyik. Nəzərə almaq lazımdır  ki, müttəfiqlik Bəyənnaməsində iqtisadi, siyasi, humanitar, Xəzər dənizinin təhlükəsizliyi və sair məsələlərlə bağlı geniş əməkdaşlıq nəzərdə tutulub. Bu gün Azərbaycan üçün ən vacibi ərazi bütövlüyü, onun ərazisində olan separatçı və terrorçu qüvvələrə qarşı birgə mübarizədir. Yəni, sabah hansısa bir qüvvə Azərbaycandan  nə isə qoparmaq eşqinə düşməməlidir. Digər vacib məsələ ondan ibarətdir ki, bu Bəyənnamə ilə Qarabağın status məsələsi birdəfəlik aradan qalxmış olur. Dünya da başa düşür ki, NATO-ya üzv olan ölkə də, KTMT-na daxil olan dövlət də bu statusu tanımır. Ermənilər artıq arxayın olsunlar ki, bu məsələ getdi içinin dalınca, status məsələsi gorbagor oldu.
-Siyasi ekspertlər Şuşa Bəyənnaməsi ilə Müttəfiqlik Bəyənnaməsini müqayişə etməyə çalışırlar. Əsas gətirilir ki, Azərbaycanın müttəfiqliyi Türkiyədən Rusiyaya keçir. Sizcə bu iki sənədlə bağlı hansısa paralellik aparmağa ehtiyac varmı?
-  Mən elə fikirləşməzdim. Əslində Müttəfiqlik Bəyənnaməsinin bəndində siyasi, hərbi bəndlərdən başqa iqtisadi, humanitar məsələlər də əksini tapıb. Sənəddə iqtisadi baza daha güclü rol oynayır. Tutaq ki, Müttəfiqlik müqaviləsində KAMAZ  maşınlarının burada yığılması, zavodun açılması məsələsİ  varsa, Şuşa Bəyənnaməsi daha genişdir. Orada hərbi zavodların birgə inşası məsələsi var. Ümumilikdə Şuşa Bəyənnaməsi bizim qarantımızdır. Artıq Rusiya da o qarant rolunu oynamaq istəyir ki, Qafqazdan çəkilməsin. Ermənistan isə artıq beşinci təkər yaradır.
-Rusiya ilə müttəfiqlik müqaviləsi bağlandıqdan dərhal sonra bu ölkənin Xarici İşlər Nazirliyi təxribatçı bir açıqlama yaydı. Bunu necə əsaslandırmaq olar?
- Rusiyanın güc və xarici siyasət strukturlarında otuz faizdən çox erməni işləyir. Xarici İşlər Nazirliyində müəyyən qruplar var ki, Azərbaycanın uğurlarını həzm edə bilmirlər. İndiyə qədər hansısa ensklopediya buraxılıbsa orda  rəhbərlikdə erməni  çıxır, məlum olur ki, nəşriyyatda oturub tarixi faktları saxtalaşdırırlar.. Bunlar həmişə Şərqi, Qərbi Ermənistan kimi olmayan məsələni qabardırlar. Əslində Türkmənçay müqaviləsində belə bir məsələ yoxdur. Əgər  Türkmənçay müqaviləsini xatırlatmaq istəyirlərsə, 1735 -ci ildə Nadir Şahla- Afşar dövləti ilə  Rusiya arasında bağlanan müqaviləni araşdırsınlar. Onda ərazilərimiz Dərbənddən 200 kilometr o tərəfə gedib çıxacaq. Rusiyanın ən aparıcı üç strukturunda erməni əsilli şəxslər oturuşublar. Bunlar beynəlxalq erməni mafiyasına çıxan qruplardır. Rusiya prokurorluğunda çalışanların 15-20 faizi erməni əsillidir. Moskva prokurorluğunda, rayonlar və vilayətlərdə, təhsil sektorunda erməni əsilli şəxslər çalışırlar. Mətbuat, nəşriyyat onların əlindədir, istədikləri düzəlişləri edirlər. Odur ki, rus nəşriyyatlarında Şərqi Ermənistan termini olsa da, latınca orginalda belə bir şey yoxdur. Herodotun tarix kitabında Şərqi, Qərbi Ermənistana rast gəlinmir, çünki o vaxt heç Ermənistanın özü yox idi. Ermənilər isə Herodot və digər tarixçilərin adından ağla gəlməyən məsələləri ortaya qoyurlar. Artıq belə halların da qarşısını almaq lazımdır.
- Artıq Rusiya Ukrayna ərazilərini bombalamağa başlayıb. Bunu Rusiyanın Ukrayna ərazisinə təcavüzü kimi qiymətləndirmək olarmı?
-Hesab edirəm ki, artıq bu təcavüzdür. 2003-cü ildə Ukrayna ilə Rusiya arasında imzalanmış müqaviləyə görə bu təcavüzdür. Çünki Rusiya Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. Bu gün Lvov, Odessa, Mariupol bombalanırsa bunun adı nədir? Əsas məsələ odur  ki, müəyyən qruplar Rusiyanın parçalanmasını istəyirlər. Burada  da ermənilər kifayət qədər böyük rol oynayırlar. Ermənilər Rusiyanın ərazisində özlərinə 3 erməni dövləti yaratmaq istəyirlər. Bunu da Rusiyadakı ermənilərin başında duran ağsaqqalı edir. Məqsəd odur ki, Rusiya parçalansın, ermənilər Qara dənizin sahilində-Abxaziyadan tutmuş Adler, Soçiyə qədər ərazini birləşdirsinlər. Biz ermənilərin "dənizdən dənizə" planında gözünü qırdıq, indi Rusiya nə edəcək, məlum deyil. Rusiya birbaşa Ukraynanın ərazi bütövlüyünü pozub. Lakin, indi o dünya deyil, indi Rusiyanın o boyda resursu da yoxdur. Atom bombası ilə qorxuzur, amma o atom bombasını başqaları da Rusiyanın ərazisinə ata bilər. Bütün hallarda, ya vəlvələdən, ya zəlzələdən, artıq müharibə başladı.
- Maraqlı məqam ondan ibarətdir ki, Avropa və ABŞ da məsələyə seyrçi mövqedə dayanıblar. Rusiyaya qarşı elə bir ciddi sanksiya tərbiq olunmayıb.
- Hesb edirəm ki, Rusiyaya qarşı nəzərdə tutlan sanksiyalar  olduqca güclüdür. Sanksiyalar haradasa 800 milyarda qədər  dolları əhatə edəcək. Hətta o sanksiyalarda Marqarita Simonyan və Solovyov var. Siz təsəvvür edin ki, bu nə deməkdir? Bu hadisələrə qədər NATO Ukraynaya kifayət qədər silah vermişdi. Amma istənilən halda müharibə acınacaqlıdı, müharibə ölüm gətirən bir şeydir,  istənilən halda xaos gətirən bir şeydir. İndi politoloqlar deyirlər ki, "baxaq görək axırı nə olacaq", bunu axırı yoxdur, müharibədir. Rusiya çalışır ki, Odessaya qədər ərazini-Ukraynanın Qara dəniz sahillərini götürsün. Baxmayaraq ki, Rusiya deyir ki, Odessada hərbi obyektləri vururuq. Amma fakt faktlığında qalır ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə qəsd edib. Azərbaycanın isə Ukrayna və Rusiya ilə müqaviləsi var. Hər ikisinin ərazi bütövlüyünü tanıyır. Biz Donetsk və Luqansk xalq respublikalarını tanısaq, Rusiya da, Ukrayna da Qarabağı tanıya bilər. Odur ki, düşünürəm ki, hələ maraqlı hadisələrin şahidi olacağıq.   
Alim

Geri qayıt