İRAN, SƏN KİMSƏN?!: DOST, YOXSA DÜŞMƏN?- CAVİD İSMAYIL YAZIR

İRAN, SƏN KİMSƏN?!: DOST, YOXSA DÜŞMƏN?- CAVİD İSMAYIL YAZIR İndiki kimi yadımdadır, sovet vaxtları idi. Şərur-Bakı və əks-istiqamətdə qatarla hərəkət etdiyimiz zaman böyük həsrətlə tikanlı məftillərin arxasından boylanaraq  Araz çayına və ikiyə bölünmüş Vətənin digər hissəsinə həsrətlə baxırdıq. Qatarlarda rus əsgərləri giriş-çıxışda durub nəzarət edirdilər. Təsadüfən o taydan bir nəfər görən kimi nisgilli nəzərlərlə ona baxır və əlimizi çölə çıxarmadan yelləyir, gözlərimizi zilləyirdik ki, görəsən o taydakı qardaşımız bizi görürmü?
Çox faciəli mənzərə idi. Bu tayda soldat, o tayda sərbaz.
Lakin gün o gün oldu ki, Azərbaycan xalqı müstəmləkəçiliyi ilə barışmadı və Milli Azadlıq Hərəkatına başladı. Bu zaman türkün qədim yurdunda-Naxçıvanda 7-dən -70-ə xalq SSRİ-nin dövlət sərhəddinə, Azərbaycanı ikiyə bölən o tikanlı məftillərə hücum edərək darmadağın etdi.
Yaxşı yadımdadır, Şərurun Şaxtaxtı kəndi yaxınlığında, Azərbaycanın cənubunda, o tayda Poldəştə yaxın məsafədə dikdə səsgücləndirənlərlə ilk təmas başladı. Bütün çay boyu parçalanmış qəlblər, ikiyə bölünmüş talelər bir-birini axtarıb tapmağa çalışırdı. Səsgücləndirənlərlə isə biz tərəfdən milli azadlıq şuarları deyilir, əks tərəfdən “ağa, biz deyək, siz də bizimlə sinə vurun …” müraciətləri də eşidilirdi.
Naxçıvan blokadada olan zaman İran dövlətindən Naxçıvana ərzaq yardımı və İrandan güzəştli şərtlərlə ərzaq gətirilməsi az da olsa reallaşmağa başladı. Bəli, biz Milli Azadlıq, müstəqillik deyirdik, onların isə hər addımınn arxasında ideoloji xəttinin əsas istiqaməti kimi “sinə vurmaq” dururdu.
İran zaman-zaman tam əmin oldu ki, bu millətin milli şüurunda sinə vurmaq kimi bir fikir yoxdur. Təbii ki, o münasibətlərdə sərtləşmələr aparılmağa başlanıldı.
Blokada da olan Naxçıvana İran ərazisindən gələn yük maşını sürücülərinə qarşı edilən haqsızlıqlar da çox yaxşı yadımdadır.
Ümummilli lider Heydər Əliyev o vaxtkı Avtonəqliyyat Komitəsinin rəhbəri Hüseyn müəllimi İrana ezam edir və orada sürücülərimizə qarşı törədilən amansız rəftarı, mövcud çətinliklər və aradan qaldırma yollarını yerində İran tərəfi ilə araşdırmağı tapşırır.
Yaxşı yadımdadır, o zamanki komitə sədri ümummilli lider Heydər Əliyevin yanında bu məsələ ilə bağlı keçirilən müşavirədə dəhşət doğuran hadisələr danışdı. Bunlardan biri o idi ki, komitə sədri iranlı tərəfdaşları ilə, yol boyu hərəkətdə olan zaman KAMAZ markalı yük maşınının yolda dayandığını, sürücünün isə təkər təmir etdiyini görüb. Bu zaman Hüseyn müəllim sürücüdən maşını saxlamasını xahiş edib. Hüseyn müəllim maşından düşən kimi təkəri təmir edən sürücü qaçmağa başlayıb. Hüseyn müəllim özünü itirmədən sürücünün arxası ilə qaçıb. Sürücü deyirmiş ki, ağa, maşının təkəri buraxıb deyə saxlamışam. Hüseyn müəllim də anlayıb məsələni, deyib ki, ay qardaş, mən Azərbaycandan gəlmişəm, filankəsəm, elə sizlərin problemlərini öyrənmək üçün gəlmişəm, deyərək arxası ilə qaçırmış. Sürücü inandıqdan sonra dayanıb. Hüseyn müəllimə deyib ki, elə bildim, İran məmurudur, maşın dayananda gəlib aparıb döyürlər ki, niyə burda saxlamısan? Başa salmaq olmur ki, texnikadır, gələndə, məsələn, təkər partlayır, mən nə edim?
Bəlkə də əksəriyyətinizə qəribə gələcək, ermənilərin yük maşınları üstüaçıq İrana giriş-çıxış etdiyi, sürücüləri qolu qısa paltarda girdiyi halda, bizim yük maşınları mütləq bağlı olmalı və sürücülərin 40 dərəcədə istidə belə köynəkləri qollu olmalı və dirsəkdən yuxarı olmamalı idi.
Bu siyahını nə qədər istəsəniz artırmaq olar. Doğrusu, xüsusən də gənclərimiz tariximizin ağrılı-acılı bütün səhifələrini unutmamalıdır. Daima xatırlamalıdırlar.
Elə ən yaxın tariximizdən növbəti səhifə.
Ötən əsrin 90-cı illərin əvvəllərindən İran adlanan dövlət ermənilərlə bizim aramızda Qarabağ məsələsində vasitəçilik istəyində bulunmuş və o vaxtda bu istəyə müsbət baxılmışdır. Hərb tariximizin əfsanəvi 44 gününə qədər İran zaman-zaman bu istəyini dəfələrlə Azərbaycana bildirmişdi. Bu mövzuda istəyindən biri 2001-ci ilə təsadüf etmişdir.
Yaxşı yadımdadır, ümummilli lider Heydər Əliyevin qardaş Türkiyəmizə 12-17 mart 2001-ci il tarixli rəsmi səfəri çərçivəsində müxbirlərdən biri Ulu öndərə İranın Qarabağ məsələsində vasitəçilik istəyində olması haqda sual vermiş və Heydər Əliyev sualı belə cavablandırmışdır: “İran bir dəfə vasiətçilik etmişdir. 1992-ci ildə Azərbaycan nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti Tehrana getmişdi ki, guya, orada İran vasitəçilik etsin. Onlar Tehranda olduğu zaman Ermənistan silahlı qüvvələri Şuşanı işğal ediblər. Siz bunu bilirsiniz, yoxsa yox? Gedin, onları oxuyun.”
Bəli, unutmayın, 1992-ci ildə Azərbaycan nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti Tehranda İranın “vasitəçilik” çabası zamanı Şuşamız erməni quldurları tərəfindən işğal edilmişdi.
İşğal altında olan torpaqlarımızda dini abidələrimiz, məbədlərimiz, Allah evlərimizin aqibəti hər kəsə bəllidir. Erməni murdarları qəbirlərimizi belə dağıtmış, traktorla şumlamışdılar. Məscidlərimizdə özlərinin əcdadı rəmzi olan donuzların saxlayırdılar. Hər kəsə də aydındır ki, bunu onlar qəsdən edirdilər.
Lakin guya İslam ölkəsi sayılan İran buna nəinki səssiz qalır, əksinə daim erməniləri müdafiə etmiş və onlara hərbi yardım olmaqla bütün dəstəyi vermişlər. Bu dəstəyi həm Vətən müharibəsində və bu gün də ermənilərə göstərməkdədirlər.
Qəhrəman əsgərlərimiz Vətən uğrunda savaşa qalxarkən heç də təsadüfi deyil ki, ermənilərin mövqeyindən birinci danışan elə İran oldu.
Qəhrəman Azərbaycan əsgəri İranla sərhəd sahəni ildırım sürəti ilə işğaldan azad etdikdə, adda islam ölkəsi adlanan İran rəsmiləri bir-birinin ardınca sərsəm-sərsəm bəyanatlar verir və həmin ərazilərə öz ordusunu, ağır texnikasını yığmağa başladı.
Elə buradan növbəti sual doğur. Nədən Azərbaycan torpaqları işğal olanda deyil, torpağın sahibi öz ərazisinə qayıdarkən sərhəddə qoşun yığmağa başladın?!
Bəli, bizim üçün bu heç də gözlənilməz olmadı. Qəhrəman Azərbaycan əsgərinin hər addımından lərzəyə gələn İran rəsmilərinin naxçıvanlılar demiş vurnuxması artmışdır.

Yeri gəlmişkən zamanında Xüdafərin körpüsü ərazisi tərəfində İranın hələ rəhmətlik Heydər Əliyevin zamanında etdiyi bir saymamazlığı yada salmaq istəyirəm.
28 mart 2001-ci il tarixdə İran İslam Respublikasının o vaxtki energetika naziri cənab Həbibulla Bitərəfin Heydər Əliyevlə görüşündə sərhəd çayları üzərində su bəndlərinin tikintisi məsələsi qaldırılmış və cənab Bitərəf demişdir: “Xudafərin su bəndinin inşası üçün İran və Ermənistan siyasi rəhbərliyi arasında lazımi danışıqlar aparılmış və erməni tərəfi təhlükəsizliyə zəmanəti öz öhdəsinə götürmüşdür. Biz işi başlamaq istəyirik.”
Heydər Əliyev deyilən sözlərə hiddətlə cavab olaraq bildirmişdir: “Xudafərin Ermənistan tərəfindən işğal olunmuşdur. Siz işi hansı tərəflə görəcəksiniz? Bu, əsla mümkün deyil. Mən bunu Sizə bildirmək istəyirəm ki, Ermənistanla sülh müqaviləsi əldə olunmayınca və ərazilərin işğalına son qoyulmamış Xudafərin su bəndinin tikintisindən söz gedə bilməz. Mən bu işə əsla icazə vermirəm. Əslində, Siz bizim Azərbaycan torpağında Ermənistanla əməkdaşlıq edəcəksiniz və bu, mümkün deyil”.
Buna baxmayaraq, adda İslam ölkəsi olan İran dövləti məhəl qoymamış və tikintiyə Azərbaycanın iradəsinin ziddinə olaraq başlamışdır.
Elə sərhəddə qoşun yığmaqla yanaşı onu da xatırladım ki, ötən əsrin 90-cı illərin ortalarında İran hərbi hava qüvvələri sərhəddimizi intensiv pozmağa başlamışdır. Hətta İran hərbi hava qüvvələrə aid təyyarənin Abşeron yarımadasına yaxın bir əraziyə qədər nüfuz etməsi də deyilirdi. Bu zaman, yenə də Türkiyəmizin qəhrəman pilotları-TÜRK YILDIZLARI Azərbaycana – Bakıya gəldilər. Bu tarixi günü Azadlıq meydanı istiqamətində izləyən yüz minlərin içində olan birisi kimin sevincimin həddi hüdudu yox idi. O zaman rəhmətlik Heydər Əliyev və rəhmətlik Süleyman Dəmirəlin iştirakı ilə keçən bu tədbirin əsas məqsədi Azərbaycan sərhədlərini pozmağa adət edən tərəfə əzələ nümayişi və AZƏRBAYCAN TƏK DEYİL! ismarıcı vermək idi.
Ən yaxın tariximizdən növbəti bir səhifə.
İran İslam Respublikasının o vaxtı Bakıdakı səfirliyinin birinci katibi cənab Mehdi Abbasi Paydar Naxçıvanda muxtar respublika Ali Məclisinin o vaxtkı sədri Heydər Əliyevlə görüşündə (22 yanvar 1992) səfərinin əsas məqsədinin İran İslam Respublikasının Naxçıvanda Baş Konsullğun açılması təklifini çatdırmaq olduğunu bildirmişdir. Müdrik siyasət adamı Heydər Əliyev bunun cavabında təklifi qəbul etməklə Naxçıvan Muxtar Respublikasının Təbriz şəhərində Baş Konsulluğunun açılmasının zəruriliyini bəyan etmişdir. Lakin İran tərəfi buna heç də sıcaq baxmadı.
Eyni zamanda, ümummilli lider Heydər Əliyev artıq Prezident kimi 9 iyun 2000-ci il tarixdə Tehrana yola düşməzdən əvvəl Bakı aeroportunda jurnalistlərlə müsahibəsində “Bu səfərinizdə Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılması məsələsini müzakirə edəcəksinizmi?” sualı xüsusunda demişdir: “Bilirsiniz ki, biz bu məsələni çoxdan qaldırmışıq. Amma nə olacaq-onu deyə bilmərəm.”
Bəli, İran bu məsələyə uzun illər sıcaq baxmadı və sonunda Təbrizdə Baş Konsulluğumuz açıldı. Zamanında ordakı proses, diplomatik korpusumuzun rəhbərinin başına açılan müsibətlər də yaxşı yadımızdadır.
Diplomatik korpusdan söz düşmüşkən. 03 oktyabr 2019-cu il tarixində Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Təbrizə səfəri çərçivəsində İranın Ali Rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin imam-cüməsi Seyid Məhəmmədəli Al-Haşemlə görüşü zamanı İran rəsmisi məhərrəm ayında Bakıda mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı giley etdiyi də xatırımdadır.
O görüşdə hörmətli səfirimizin cavabınıda xatırladım. B. Hüseynov xatırladıb ki, Azərbaycan xalqı məhərrəm ayındakı mərasimləri özünün dini inancına əsaslanaraq keçirir: “Bu mərasimlərin hansı ölkədə necə qarşılanması Azərbaycan xalqı üçün o qədər də maraqlı deyil. Həmin günlərdə ölkəmizdə musiqili tədbirlərin keçirilməsinə dair söylədikləriniz həqiqəti əks etdirmir. Ümumiyyətlə isə mədəni tədbirləri məhərrəm ayının mərasimləri ilə əlaqələndirmək düzgün deyil. Əslində bu il Azərbaycan Respublikasında yaşayan müsəlmanları, o cümlədən Tehran sakinlərini təəccübləndirən və təəssüfləndirən hadisə baş verib. Tasua və aşura günlərində Tehranda 51-ci erməni oyunlarının açılış mərasimi səsli-küylü musiqi və kollektiv rəqslə, həmçinin atəşfəşanlıqla qeyd olunub. Güman edirik gələcək illərdə məhərrəm mərasimlərində belə hadisələrin şahidi olmayacağıq”.
Bəli, İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün -Tasua və Aşura günlərində Tehranda fişəng atıb, musiqi səsləndirib, şadyanalıq edirdilər. Özü də Allah evlərinə donuz bağlayan, müsəlman dini məbədlərini təhqir edən, müsəlman qız-gəlinin başına zülm açan, müsəlman qəbirstanlıqlarını məhv edən ermənilərin şərəfinə.
Bəs o mollalar niyə İmam Hüseynin (ə) məzlumcasına şəhid olduğu gün-Aşura gününü unutdular? Nə tez unutdular öz dediklərini! Aşuranın Əhli-beyt aşiqlərinin matəm və kədər günü olduğunu, imamlara sevgisi olan hər bir kəsin bu gündə dünya işlərinin dalınca getməsin, 72 şühədanın və əhli-əyalının başlarına gələnləri yad edib, əza saxlasın! Bu mollalar Əhli-beytdən imtina etdilər ya bu gün siyasi kursları tam başqa istiqamət alıb? Maraqlıdır!
Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Xüdafərin istiqamətində irəliləyəndə İran sərhəddini göstərərək DOSTLUQ SƏRHƏDDİ adlandırması heç də təsadüfi deyildi. Doğrudur dostluq sərhəddindən snayperlə baxıb, şəkil çəkib yaymaq doğru olmasa da onu da etməklə əks tərəfin cavabı kimi də qəbul etmək zənnimcə, doğru olar.
İndi mediadan oxuyuruq ki, İranın bir sıra hündür çinliləri qardaşları ermənilərin hüzurunda bulunublar və Zəngəzuru qorumaq üçün erməni qardaşlarına ordu yeridərək kömək etmək istədiklərini bildirmişlər.
Bəli, indi dost da düşmən də müqəddəs tarixi 44 gündə qəhrəman oğullarımızın öz qanı, yenilməz silahlı qüvvələrimiz öz peşəkarlığı, rəşadəti və Müzəffər Ali Baş Komandan öz qətiyyətli mövqeyi ilə son 200 ildən yuxarı olan tariximizin ən şanlı səhifəsinin yazdığının şahidi oldular.
Bəli, İran da anlamalıdır ki, Türkün dədə yurdu Şuşamızın erməni işğalında olduğu zaman, daha dəqiqi, 2019-cu ilin 14 oktyabırında Şüşamızda İranın açdığı erməni-İran elmi mədəniyyət mərkəzinin üstündən o torpaqların əsl sahibləri, Türkün ərən əsgərləri öz cəkmələri ilə əzib keçdilər.
Qəhrəman əsgərlərimizi Xüdafərin körpüsü ərazisinin azad olmasını Ali Baş Komandana məruzə edərkən, diqqətimizi müqəddəs bayrağımızın Xüdafərin körpüsü üzərində açıq olan qapının üzərində dalğalanması çox cəlb elədi. Həmin an sanki arxadan bir günəş doğdu. Mən bütün varlığımla inanıram ki, bir gün ulu günəş dədə TÜRK torpağında bütün varlığı ilə doğacaq! Mütləq doğacaq! Unutmayaq ki, hər zülmət gecənin ardınca günəş doğar!
Bunları sadalayaraq düşünürəm, etdiklərin nə müsəlman kimi müsəlmana, nə dost kimin dosta, nə qonşu kimin qonşuya yaraşar. Elə burada məndə böyük sual doğur, İRAN – BƏS SƏN KİMSƏN?!

Geri qayıt