Yağlı dərisi olanlar onları “bəxtəvər!” deyə adlandıra bilər. Ancaq hər şey heç de belə sadə deyil. Quru dəriyə daim olaraq düzgün qulluq etmədikdə o, tez bir zamanda qocalaraq qırışlarla örtülə bilər. Dərinin quru olmasının səbəbi piy vəziləri tərəfindən kifayət qədər piyin ifraz olunmamasıdır. Bu piy dərini qurumaqdan qoruyur, elastikliyini saxlayır və nəticədə qocalmaqdan qoruyur.
Dərinin quruluğu irsi xarakterli, düzgün olmayaraq tutulan pəhrizdən, dəriyə heç qulluq edilməməsi və ya səhv qulluq edilməsi, yaşa uyğun dəyişikliklər və s. səbəblərdən ola bilər.
Bir çox hallarda dərinin quruluğu bəzi xəstəliklər (sinir, mədə-bağırsaq, endokrin sistemləri), vitamin çatışmazlıqları və digər səbəblər nəticəsində baş verir. Ona görə də əgər əvvəllər normal və ya yağlı olan dərinizin birdən-birə quru olmasını müşahidə etsəniz, ilk növbədə həkimə müraciət edin. Bu halda aşkar oluna biləcək əsas xəstəlikdən müalicə olunduqdan sonra öz dərinizin vəziyyətini də yaxşılaşdıra bilərsiniz.
Əlbəttə ki, əgər dərinizin quru olması sizə irsən verilmişdirsə, siz onu heç cür yağlı edə bilməzsiniz. Ancaq daimi, səliqəli və diqqətli qulluq edilməsi nəticəsində sizin dəriniz uzun müddət ərzində cavan və sağlam qala bilər. Belə qulluq edilməsini digər dəri tiplərində olduğu kimi, 17-18 yaşından gec olmamaqla başlamaq lazımdır.
Quru dəri çox zərif olur. Belə ki, o özünə kifayət qədər qulluq edilməməsi kimi, həddən artıq dərəcədə aktiv qulluq edilməsinə də pis reaksiya verə bilər. Ona görə də onu xeyli sayda qulluq vasitələri ilə “yormaq” da olmaz.
Quru dəri üçün süd, kərə yağı, balıq yağı, yumurta sarısı, qara ciyər, kök, yaşıl soğan, kahı, ispanaq, pomidor və s. məhsullar çox xeyirli hesab edilir. Dərisi quru olan insanlara gün ərzində 1,5 – 2 l maye qəbul etmək lazımdır.
Quru dərini yay aylarında sərin, qış aylarında isə otaq temperaturunda olmaqla, ancaq içməli və ya mineral su ilə, ən pis halda isə qaynadılmış su ilə təmizləmək lazımdır. Soyuq, isti və cod su quru dəri üçün mütləq əks göstəriş hesab edilir! Quru dəriyə qulluq edilməsi zamanı sabundan da istifadə etmək olmaz.
Quru dərini təmizləyərkən məhz bu tip dəri üçün nəzərdə tutulmuş təmizləyici vasitələrdən (“penka” və s.) istifadə etmək lazımdır. Bu vasitələr, demək olar, köpüklənmirlər və onlardan istifadə edildikdən sonra üzün dərisinin dartılması hissiyyatı baş vermir. Qıcıqlanmaya və qızarmağa meylli olan dərilər üçün isə xüsusi preparatlar hazırlanmışdır ki, onlar dərini təmizləməkdən savayı, onun qızarmasını və qıcıqlanmasını da aradan götürə bilir.
Dərinizi təmizlədikdən sonra onu tərkibində spirt olmayan toniklə silin və üzərinə yüngül gündüz kremi çəkin. Nazik qatla dəriyə çəkdikdən 20 dəqiqə sonra kremin qalıqları dəridən yumşaq nəm salfet ilə silinməlidir.
Mövsümündən asılı olmayaraq günəşli havada çölə çıxdıqda üzünüzə tərkibində xüsusi filtrləri olan günəşdənqoruyucu krem çəkin.
Quru dəri qıcıqlanmağa çox meylli olduğu üçün istənilən kremi, maskanı tətbiq etməmişdən qabaq, sınaq məqsədi ilə, qulağın arxa tərəfi və ya dirsək büküşünün az bir sahəsinə həmin vasitədən sürtmək lazımdır. Sonrakı 1-2 saat ərzində dəridə qızartı, qaşınma, yandırma hissiyyatı olmazsa, həmin krem və ya maskanı işlətmək olar.
Axşamlar quru dərini bu tip dəri üçün nəzərdə tutulmuş tərkibində sakitləşdirici və qidalandırıcı maddələr olan kosmetik süd ilə təmizləmək olar. Quru və həssas dəri üçün nəzərdə tutulmuş təmizləyici krem və yağlardan da istifadə etmək olar. Kosmetik südün qalıqlarını nəm tamponla yaxşı sildikdən sonra, dəriyə quru dəri üçün nəzərdə tutulmuş gecə kremi çəkmək lazımdır. Səhər və axşam göz qapaqları dərisinə və dodaqlara da məhz onlar üçün nəzərdə tutulan xüsusi kremlər çəkmək tövsiyə olunur.
Sizin dəriniz yuyulmaq üçün nəzərdə tutulan istənilən kosmetik vasitələrə pis reaksiya verərsa, onu kefir, xama, asidofilin, qatıq və s. ağartılardan biri ilə təmizləmək olar. Bu məhsullardan birini bolluca dərinizə sürtün, daha sonra onu içməli və ya mineral su ilə yuyun.
Bəzi hallarda çox quru və həssas dəri, ümumiyyətlə, su ilə yuyulmasına çox pis “cavab verir” – dəri həddən artıq dartılır, qabıq verir. Bu halda belə dəri bir qədər qızdırılmış rafinəedilmiş günəbaxan və ya zeytun yağında, maye şəkilli kremdə və ya tərkibində spirt olmayan və quru dəri üçün nəzərdə tutulan tualet suyunda isladılmış tampon ilə təmizlənir. Müəyyən müddət keçdikdən sonra yağ və ya krem qalıqları yumşaq kağız salfet ilə silinir.
Quru və həssas dərinin təmizlənməsi üçün ev şəraitində hazırlanmış yumşaq lasyonlardan da istifadə etmək olar:
– 2 xörək qaşığı qızıl gül, jasmin, çobanyastığı, cökə ləçəkləri qarışığına 200 ml qaynar su əlavə edilir. 1 saat saxladıqdan sonra alınan dəmləmə süzğəcdən keçirilir. Təmiz pambıq diski bu mayenin içində islatmaqla, dərinizi tədricən, masaj xəttləri üzrə təmizləyin. Alınan lasyon eyni miqdarda süd ilə də qarışdırıla bilər.
– 2 xörək qaşığı yulaf yarması (“herkules”) üzərinə 1 litr qaynar su əlavə edilərək dəmlənir və soyuduqdan sonra tənzifdən süzülür. Alınan dəmləmə quru dərini təmizləmək üçün istifadə olunur.
– 1 çay qaşığı nişastanı (kraxmal) 1litr su ilə dəmlədikdən sonra onunla üzün dərisini yumaq məsləhət görülür.
Quru dəriyə çox nadir hallarda skrablanma tələb oluna bilər. Bu tələbat yarandıqda isə məhz quru dəri üçün nəzərdə tutulan və tərkibində kobud hissəciklər (onlar dərini zədələyə bilər) olmayan xüsusi skrablardan istifadə etmək lazımdır. Quru dərilər üçün dəridəki ölü hüceyrələri zərif şəkildə əridə bilən xüsusi yumşaq vasitələrdən – qommajlardan – istifadə etmək daha məqsədəuyğun hesab edilir.
Vaxtaşırı quru dərini də kosmetik salonda dərin təmizləmək lazımdır. Belə dəri üçün, adətən, ən zərif və qoruyucu üsuldan istifadə olunur.
Quru dəri üçün istənilən xarici təsirlər təhlükəli hesab edilir. Ona görə də belə dərini maksimal şəkildə qorumaq tövsiyə edilir. İstənilən su proseduralardan (vannada, duş altında, hamamda, dənizdə çimərkən və s.) qabaq üzün dərisinə məhz quru dəri üçün nəzərdə tutulmuş krem, bitki yağı və ya xama çəkmək, proseduradan sonra isə yağlı nəmləndirici krem və ya maskadan (qidalandırıcı və ya nəmləndirici) istifadə etmək məsləhət görülür. Quru dərisi olan insanlara sauna və xlorlaşdırılmış suyu olan hovuzlara getməkdən çəkinmək lazımdır.
Qış aylarında, küləkli və şaxtalı günlərdə çölə çıxmamışdan qabaq üzün dərisinə yağlı qidalandırıcı krem çəkmək tövsiyə edilir. Qış aylarında çölə çıxmamışdan qabaq dəriyə duru və nəmləndirici kremlər və lasyonlar çəkmək olmaz!
Quru dəri üçün günəş şüaları zərərli hesab edilir. Buna görə də günəşli günlərdə çölə çıxmamışdan qabaq dərinizə mütləq günəşdənqoruyucu krem sürtmək lazımdır. Dərisi quru olanların günəş altında dərilərinin qaraldılması ancaq səhər saatlarında (11-ə qədər) olmalıdır. Qabaqcadan üz dərisinə günəşdən qoruyucu krem sürtmək lazımdır.
Otaqların mərkəzi qızdırıcı sistemlər və ya kondisionerlə qızdırılması otaqdakı havanın qurudulmasına səbəb olduğu üçün, quru dərisi olanlar üçün çox zərərli hesab edilir. Otaqdakı havanın nəmliyini normada saxlamaq üçün xüsusi nəmləndirici cihazlardan və ya otaqda saxlanan bitkilərdən istifadə etmək olar. Dərinizi qurumadan qorumaq üçün gün ərzində üzünüzə pulverizator vasitəsi ilə mineral su və ya xüsusi termal su çiləmək də olar.
Quru dərisi olanlara siqaret çəkilməsi və spirtli içkilərin qəbul edilməsi kəskin əks-göstəriş hesab edilir. Onlar dərinin daha artıq dərəcədə qurumasına səbəb olurlar.
Quru dəriyə həftədə 2-3 dəfə qidalandırıcı və nəmləndirici maskalar etmək məsləhət görülür.