11 FEVRAL RƏMZİYYƏ VEYSƏLOVANIN DOĞULDUĞU GÜNDÜR

11 FEVRAL RƏMZİYYƏ VEYSƏLOVANIN DOĞULDUĞU GÜNDÜR
Azərbaycan Respublikasının xalq artisti, aktrisa Rəmziyyə Osman qızı Veysəlova 1914-cü il fevral ayının 11-də Bakı şəhərində anadan olmuşdur.
O, 1922-1929-cu illərdə Bakıda yeni tipli qız məktəbində yeddiillik təhsil aldıqdan sonra, 1929-1932-ci illərdə M.F.Axundzadə adına Bakı Teatr Məktəbinin aktyorluq fakültəsində təhsil almışdır.
Təhsil aldığı müddətdə sənət müəllimləri tövsiyə ilə Bakı Türk İşçi Teatrının yardımçı heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır. Musiqili səsi, mürəkkəb məqamlarda da canlı və plastik hərəkətli səhnə davranışı, güclü texnika vərdişləri, iti yaddaşı, emosional cazibə qüdrəti vardı.
1932-ci ilin sonlarında ailə vəziyyəti ilə əlaqədar Türkmənistana, Aşqabad şəhərinə köçmüşdür. Aktrisa orada üç ilə yaxın “Rəmziyyə” və “Rəmziyyə Əfəndiyeva” kimi çıxış etmiş, müəyyən təcrübə toplamış və az müddətdə teatrın aparıcı aktrisalarının cərgəsinə çıxmışdır.
1934-1935-ci il teatr mövsümündə Bəhram Əfəndiyev (həyat yoldaşı) və Rəmziyyə xanım Gəncə şəhərinə gəlmiş və hər ikisi Gəncə Dövlət Dram Teatrının kollektivinə qəbul olunmuşlar.
Aktrisa altmış iki illik fəaliyyəti dövründə Ceyran (“Özgə uşağı”, Vasili Şkvarkin), Almaz, Solmaz, Mariya Timofeyevna, Sitarə (“Almaz”, “Od gəlini”, “1905-ci ildə” və “Nəsrəddin şah”, Cəfər Cabbarlı), Gülnar və Xuraman, Məryəm (“Vaqif” və “Fərhad və Şirin”, Səməd Vurğun), Kəmalə, Sənubər (“Toy” və “Xoşbəxtlər”, Sabit Rəhman), Huri (“Məhəbbət”, Mirzə İbrahimov), Balisa, Marsela (“Kələkbaz sevgili” və Nə yardan doyur, nə əldən qoyur”, Lope de Veqa), Natella (“Vətən namusu”, Georgi Mdivani), Dilşad, Nəzakət, Nurcahan xanım (“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən” və “Mənim günahım”, İlyas Əfəndiyev), Tükəz (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Xumar və Nina, Südabə (“Şeyx Sənan” və “Səyavuş”, Hüseyn Cavid ), Ayişə (“Şikayət qəbul olunmur”, Toktobolat Əbdülmöminov), Rəxşəndə (“Kişilər”, Altay Məmmədov), Məhsəti xanım (“Nizami”, Mehdi Hüseyn), Həkim (“Göz həkimi”, İslam Səfərli) və s. kimi rolları ifa etmişdir.

Gəncə Dövlət Dram Teatrının görkəmli aktrisalarından olmuş Rəmziyyə Veysəlova 1955-ci ildə “Əməkdar artist”, 1958-ci ildə isə “Xalq artisti”
fəxri adlarına layiq görülmüş, 1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Rəmziyyə Veysəlova 1993-cü il avqust ayının 22-də Gəncə şəhərində vəfat etmiş, Bağbanlardakı Fəxri Xiyabanda dəfn edilmişdir.
Allah rəhmət eləsin.

Geri qayıt