Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib

Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib

Mayın 12-də, Masallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşləri qəhrəmanı, şəhid mayor, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Anar Novruzovun (12.05.1976-14.07.2020) ad günü qeyd olunub. 

A.Novruzovun anadan olmasının 47-ci ildönümü mərasimi şəhidin məzarı önündə keçirilib. 

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və digər rayon rəsmiləri, şəhidin doğmaları, hərbçi və kursant yoldaşları, müharibə iştirakçıları, qəsəbə sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, torpaqlarımız uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra şəhid zabitin məzarı üzərinə gül dəstələri düzülüb, ailəsinə başsağlığı verilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, iki şəhid – Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərova,  Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov,  şəhidin hərbçi və kursant yoldaşları, Tovuz rayonundan olan, Masallı rayon Sığıncaq kənd tam orta məktəbinin müəllimi Aytac Hüseynova və başqaları Azərbaycan Ordusunun qüdrətindən, İyul  döyüşlərinin əhəmiyyəti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərdən, şəhid Anar Novruzovun keçdiyi döyüş yolundan söz açıb, şərəfli, müqəddəs ömür yaşamış Anar kimi qəhrəmanlarımızın həyat yolunun gənclərə, gələcək nəsillərə örnək olduğunu bildiriblər.

Qeyd edilib ki, azğın yağıya qan udduran “Akula” ləqəbli kəşfiyyatçımız Anar Novruzov və onun kimi şəhidlərimiz həmişə yaddaşlarda qalacaq, könüllərdə yaşayacaqlar.

Tədbirdə Anar Novruzovun anadan olmasının 47-ci ildönümü ilə əlaqədar Masallı Rayon Gənclər və İdman İdarəsi, Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə keçirilən şahmat və tir atıcılığı üzrə xatirə turnirlərinin qaliblərinə diplomlar təqdim edilib.

Şəhidin qardaşı Sucəddin Novruzov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş edilib.

Daha sonra ehsan süfrəsi açılıb, şəhidin ruhuna dualar oxunub.

                                                                       ***

Məlumat üçün bildirək ki, Anar Gülverdi oğlu Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Ailənin sonbeşiyi olan Anar C.Cabbarlı adına kənd orta məktəbini (Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi) əla qiymətlərlə qurtarıb. 1993-cü ildə Bakı Neft Texnikumuna (indiki Neft-Energetika Kolleci) daxil olsa da 6 aydan sonra işğal altında olan torpaqlarımızı geri qaytarmaq niyyəti ilə Orduya yazılıb. Sonra təhsilini davam etdirib. 1999-cu ildə  Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirib, “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 1998-2013-cü illərdə ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə Sumqayıtda Vətənə xidməti borcunu ödəyib. 2016-cı ilin Aprel döyüşlərində şücaətlə iştirak edərək qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olub. Türkiyədə mükəmməl peşəkar təlim keçib. 25 ildən artıq hərb sahəsində çalışıb. Siyasi işlər üzrə tabur komandirinin müavini vəzifəsinə kimi yüksəlib. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib. Snayperdən atdığı dəqiq atəşlə onlarla düşmən əsgər və zabitini məhv edib. Ona nahaq yerə AQS-17 silahının “atası” adı verilməyib. “Akula” ləqəbli kəşfiyyatçı düşmənlərin kabusuna çevrilib – ermənilərə od qoyub, lap əfsanəvi “Mixaylo” kimi... Hətta onu öldürənə pul mükafatı da ayırıbmışlar.

Döyüş dostlarının dediyinə görə tabeliyində olanda əsgərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit Anar Novruzov çətin məqamlarda yüz ölçüb-bir biçməyi üstün tutarmış. Xidməti ərzində heç kimdən təmənna ummayıb...

A.Novruzov müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, istimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Anar Novruzov (ölümündən sonra) 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli ilə təltif edilib. Şəhid adının əbədiləşdirilməsi məqsədilə qəsəbədəki küçələrdən birinə şəhidin adı verilib, vaxtilə yaşadığı evin qarşısında büstü qoyulub. 

Ailəli idi, iki övladı yadigar qalıb

Geri qayıt