Milli Qəhrəmanın doğum gününə həsr olunan anım mərasimi keçirilib

Milli Qəhrəmanın doğum gününə həsr olunan anım mərasimi keçirilib

İkinci Fəxri xiyabanda Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Murad Mirzəyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin hərbi qulluqçuları, qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, məktəblilər, ictimaiyyət nümayəndələri və digər qonaqların iştirak etdiyi mərasimdə əvvəlcə Milli Qəhrəmanın məzarı ziyarət edilib, önünə əklil və tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.

Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, respublikamızın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Mərasimdə çıxış edənlər 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycan Ordusunun Ermənistan hərbi birləşmələrinin törətdiyi təxribatlara qarşı başlayan genişmiqyaslı əks-hücum əməliyyatında qəhrəmancasına şəhid olan M.Mirzəyevin vətənpərvərliyindən, şərəfli ömür və şanlı döyüş yolundan danışaraq onun daima şəxsi heyətə örnək olacağını vurğulayıblar.

Bildirilib ki, Azərbaycan hərb tarixinə qızıl hərflərlə həkk olunan və 44 günlük Vətən müharibəsinin başlanğıcı hesab edilən Aprel döyüşlərində M.Mirzəyev kimi oğulların igidliyi, qəhrəmanlığı sayəsində düşmən işğalında olan bəzi strateji əhəmiyyətli yüksəkliklər azad olunub, Ermənistan ordusunun məğlubedilməzlik mifi darmadağın edilib.

Qeyd olunub ki, igidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa edib, şəhidlərimizin qisası döyüş meydanında düşməndən layiqincə alınıb.

Milli Qəhrəmanın ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Azərbaycanda Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.

Geri qayıt