Lənkəranda şəhidlərin xatirəsinə inşa olunan bulağın açılış mərasimi olub

Lənkəranın Ürgə kəndində Vətən müharibəsi şəhidləri İbadlı Araz Babəli oğlunun və İbadzadə Zabil Fikrət oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bulaq kompleksinin açılışını şəhid atası Babəli İbadovla birgə edib. Dövlət himninin səslənməsindən sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Taleh Qaraşov çıxış edərək bildirib ki, şəhidlərimiz Vətən sevgisinin ən kamil formasını yaşayan ali şəxslərdir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir.

Çıxışlarda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində şəhidlərimizin adlarının əbədiləşdirilməsi və xatirəsinin yad edilməsi istiqamətində işlərin mütəmadi həyata keçirildiyi vurğulanıb.

Şəhid atası Babəli İbadov övlad itkisinin çətinliyindən danışaraq deyib ki, ağrı və acılarına rayon rəhbərliyinin və el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir. Şəhid atası dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman qayğı və diqqətini hiss etdiklərini, şəhid ailələrinə xüsusi ehtiram və hörmətlə yanaşdıqlarını bildirib.

Çıxışlardan sonra məktəblilərin ifasında qəhrəman Vətən övladlarına həsr olunan şeirlər səsləndirilib.

Daha sonra Ürgə kənd qəbiristanlığında şəhidlərimizin məzarları ziyarət edilib, qəbirləri üzərinə tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.

Qeyd edək ki, İbadlı Araz Babəli oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə”, İbadzadə Zabil Fikrət oğlu isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png