SÖZ SƏNƏTİNDƏ İZİ OLAN SƏNƏTKAR-SÜCAƏT KƏLBƏCƏRLİ – AYNUR TURAN YAZIR

Şücaət, ürəklər qorxusuz vurmur,

             Gözlərin sevinci gözlərdə durmur,

             Quş da yuvasını yaxında qurmur,

              Bilir ki, xaniman dağıdır insan…

          Hər bir sahədə olduğu kimi, ədəbiyyat da   özünəməxsusluğu sevir. Əgər sənin düşüncə və ifadə tərzin yenidirsə, qələmə aldığın mövzu kimsənin yazdığına bənzəmirsə, sən şeir, hekayələrində öz fikirlərini təbii və ürəyəyatımlı bir dildə təqdim etməyi bacarmısansa, yazdıqların oxucu tərəfindən seviləcək.

Ömrünü, illərini, zəkasını vətəninə, xalqına həsr edən az sənət adamları tapılar ki, öz mövqeyinə axıra kimi sadiq qalsın. Özü, sözü, məsləki, əqidəsi yalnız qəlbinin diktəsi  ilə döyünsün. Yaşadıqlarını,  gördüklərini, səmimi duyğularının dili ilə kağızı köçürsün. Sevilib, seçilsə də, sənətdə yüksəklərə ucalsa da, yenə qəlbinə, ruhuna xəyanət etməsin. Sücaət Əhmədov (Kəlbəcərli) belə müsbət xüsusiyyətlər sahibi bir ziyalıdır.

 Sücaət Əhmədov əsərlərində həyatın axarına çox ustalıqla girir, qəhrəmanlarının daxili aləminə tədricən və əsaslı şəkildə nüfuz edir. Onun təhkiyəsi şirin, dili zəngin və mənalıdır.

Sücaət Kəlbəcərlinin bütün yaradıcılığına xas cəhətlər-sadəlik, səmimilik, duyğularındakı zənginlik və dərinlik, xalq ruhu-bu şeirin canıdır. Sücaət Kəlbəcərlinin yaradıcılığında vətənpərvərlik duyğuları necə də sadə, necə də gözəl tərənnüm olunur! Onun şeirlərini təkrar-təkrar oxusan da şeirlər, misralar səni yormur, elə bil qulağına yeni söz pıçıldayır, ən ülvi hislər aşılayır. Hər söz, hər misra oxucunu nura boyayır, riqqətə gətirir.

        Günəş gəzib yorulanda,

        Sazın simi qırılanda,

        Göydə qartal vurulanda,

        Məni yada sal, a dağlar.

Yaradıcılığı Azərbaycanın sevilən  şairi Əhmədov Sücaət Yunus oğlu (4 iyun 1943-cü ildə Kəlbəcər rayonunda Yunus Əhmədovun ailəsində anadan olmuşdur.  O, Kəlbəcərin məşhur İstisu kurortunda rəhbər vəzifələrdə çalışmışdır.

Yaradıcılığa sovet dövründə başlasa da,  o dönəmdə demək olar ki, şerləri çap olunmayıb. Sücaətin şeirləri əsasən dildən-dilə yayılmış, dillər əzbəri olmuşdur. El şənliklərində öz ifasında şerləri kasetlərə yazılmış, bu yolla şücaətsevərlər arasında yayılmışdır. Onun “Sən ağlama, mən ağlaram”,  “Dəli dağın dəliləri hardadı?”,  “Şücaəti unutma sən” və s. adlı şeir kitabları var.

Həyatı  Sücaət Kəlbəcərli xalası qızı ilə evli idi. Bir oğlu, iki qızı var. Oğlu Azərin Sücaət adında övladı var.

Azərbaycan jurnalisti Hidayət Elvüsal Sücaətin qardaşıdır.

Sücaət iki dəfə həbs edilmiş, ömrünün 8 ilini zindanlarda keçirmişdir. İlk həbsi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 2-ci kursunda oxuyarkən olmuşdur. Kəlbəcərdə mağaza müdirini vurduğu üçün universitetdən xaric edilmiş və həbs olunmuşdur.

Qələmi iti ədib Sücaət Kəlbəcərli 7 noyabr 2002-ci ildə Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat etmişdir. Məzarı Göy-Göl rayonundadır.

    Vətən Sücaət Kəlbəcərli poeziyasının daimi mövzularındandır. Sücaət Kəlbəcərli Azərbaycanı sonsuz bir məhəbbətlə sevir, başqalarına da, sevdirirdi. Azərbaycan və Sücaət Kəlbəcərli bir-birindən ayrılmazdır. Azərbaycan və o eyni bir məfhumdur. Azərbaycan və Sücaət Kəlbəcərli ona görə ayrılmazdır ki, Sücaət Kəlbəcərli öz yaradıcılığında poetik obrazını yaratmışdır.

                     O qadalı-qanlı gündən

                      Şücaəti bürüyüb çən…

                      Son nəfəsdə, “Vətən!”- deyən,

                 Anınıza qurban olum.  

Sücaət Kəlbəcərli bütün varlığı ilə xalqına, elinə bağlı bir şəxsiyyət idi. O, yaxşı bilirdi ki, insana qüvvət, cəsarət verən, onu ilhamlandıran Vətən eşqi, xalqa məhəbbətidir.  Vətən intizarda olarsa, Şücaətin şeirləri qan-yaş tökər. O, vətənin dar gününü, tapdaq altında qalmış müqəddəs torpaqlarımızı elə qəmli təsvirlə anlatırdı ki, sanki hər misrası dastana dönürdü şairin. Hər sətirdə duyulan ahı, qəlb yanğısını görürsən.

             Şücaətəm, təpiyifdi dodağım,

             Sinəm üstənsilinərmi bu dağım,

             Yad əllərlə silkələnən budağım.

             Tapdalanmış bostanım ooy…tağım ooy …                                                                                                              

Əsasən qələmi qəmə köklənən Sücaət Kəlbəcərlinin bütün yaradıcılığına xas cəhətlər-sadəlik, səmimilik, duyğularındakı zənginlik və dərinlik, xalq ruhu-bu şeirin canıdır. Onun yaradıcılığında vətənpərvərlik duyğuları necə də sadə, necə də gözəl tərənnüm olunur! Onun şeirlərini təkrar-təkrar oxusan da şeirlər, misralar səni yormur, elə bil qulağına yeni söz pıçıldayır, ən ülvi hislər aşılayır. Hər söz, hər misra oxucunu nura boyayır, riqqətə gətirir.

           Bir büzülmüş dodağı var dünyanın,

            Bu düyünü, bu dağı var dünyanın,

Bir xoşbəxtlik budağı var dünyanın,

           Əlim ona yaxınlaşdı, çatmadı…

Tale dinc dayanmadı. Qamçıladı aram-aram şairi… Bəzən sərt üzüylə gələn həyat keşməkeşli həyat yazdı Sücaət Kəlbəcərlinin qırışlı alnının arasına. Məhbus həyatı, köçkün həyatı və s. Özü sussa da, qəlbi susmadı bu olanlara. Misralara axdı nakam həyatın ağrılı bəmi. Şair məhbus günlərini batan günəşini belə ifadə edir:

            Günlər elə bil ki, donub yerində,

            Saatlar keçməyə ərinir burda.

            Günəş də şüasın sancmır nədənsə,

            Ay da ğzgə cürə görünmür burda…

Özündən çox kədərinə dözmədiyi anasını unutmur. Dostdan-aşinadaqn xəbər göndərib sanki misralarla könlün alır anasının və belə yazır:

             Deyin dustaqları buraxacaqlar,

             Qoy qəm bozartmasın üzün anamın.

             Deyin qırılacaq zülmün zənciri.

             Birtəhər başını yozun anamın.

Dustaq həyatı yaşasa da, əzm, mətanət, dözüm sinvolu olan Sücaət Kəlbəcərli qəlbinin işığından, fikirlərinin  nurundan və müdrikliyindən, ziyalı şəxsiyyətindən xəbərdar idi. Ruhu ilə cisminin təzadını görən şair belə deyir:

              Taleyi şil-şikəst, fikri sağ oldum,

              Sevini bir zərrə, dərdi dağ oldum,

              Gah əsir, gah xəstə, gah dustaq oldum,

              Qoymadım quruya gözün anamın…
Bəlkə bütün bunlar idi onu kamilləşdirən, düşünmə qüdrəti verib, yaxçını pisdən, mərdi namərddən ayırma ustalığı, Bəlkə şair, odda yana-yana bərkidi. Və bu od, bu atəş Sücaət Kəlbəcərlini aqil etdi, mürşid etdi, kim bilir?..

                Sücaət, insanların namərdi var, mərdi var,

                Hərəsinin öz ünvanı, yuvası var, yurdu var!

                Necə deyim: nadanın, qanmazın da dərdi var,

               Axı dərdin böyüyünü qananda görmüşəm mən… 

… Dünyada əbədi henə yoxdur. Məmməd Araz   deyirdi ki, “Əbədiyyəyə qəh-qəh çəkər əbədi dünya”. Təkcə  söz əbədidir. Dünyanın başlanğıcı sözdür və sözü yaradanlar isə əbədidirlər. Yəni nə qədər bu xalq var, nə qədər bu Vətəni, torpaq var, bu dağlar, bu çaylar var, Şücaət də var. O, ölmədi, çəkilib torpağa getdi.  Necə ki, hər il bahar, gül var, çiçək var, söz var, nöqtə var, vergül, nida var, necə ki, misra var, şeir var, demək ki, Sücaət də  var.

                Sücaətəm, necə ki, var nəfəsim,

                Sönməz odum, sönməz eşqim, həvəsim,

                Ölsəm də məzardan gələcək səsim,

                Əbədi sənətim, dilim var mənim.

Aynur TURAN, xüsusi olaraq ONN İnformasiya Agentliyi üçün.



ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png