Nazir AFFA-ya gəldi

Nazir AFFA-ya gəldi Azərbaycanın yeni Gənclər və İdman naziri Fərid Qayıbov bu gün AFFA-nın inzibati binasında olub.
Nazirlə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov arasında görüş keçirilib.
Görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, Kütləvi Futbol Departamentinin müdiri Fərrux İsmayılov və Gənclər və İdman Nazirliyinin futbol sektorunun aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev iştirak ediblər.
Nazirə AFFA-nın strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib. AFFA-nın son 4 ili əhatə edən illik hesabat nəşrləri nazirə təqdim olunaraq bildirilib ki, 2010-cu ildən 2020-ci ilə qədər olan bütün illik hesabatlar ictimaiyyətə şəffaf şəkildə təqdim olunub. 
Nazirin diqqətinə hazırda gündəmdə olan və həlli vacib bir neçə məsələ də çatdırılıb. Bildirilib ki, 8 komandanın iştirakı ilə keçirilən Azərbaycan Premyer Liqasında idman rəqabəti qənaətbəxş səviyyədə olsa da, AFFA və Peşəkar Futbol Liqası komanda sayının 10-a yüksəldilməsini istəyir. Lakin maliyyə resurslarının çətinliyi ucbatından müvafiq şərtlərə uyğun gələn klubların olmamasına görə komanda sayını artırmaq mümkün olmur. Bununla belə, Premyer Liqaya yüksələ biləcək potensial klubların fəaliyyətini təmin etmək üçün AFFA Birinci Divizionda çıxış edən bir neçə klubu – “Kəpəz” (Gəncə), “Turan-Tovuz” və “Zaqatala” – tam olaraq maliyyələşdirir. Qeyd olunub ki, komanda sayının artması Azərbaycan Premyer Liqasında daha güclü rəqabətə, yeni futbolçuların üzə çıxması üçün geniş potensiala və peşəkar futbolun coğrafiyasının genişlənməsinə səbəb olardı.
Elxan Məmmədov uşaq və yeniyetmə futbolu ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, U-9-dan U-19-a qədər bütün yaş qrupları üzrə AFFA tərəfindən liqalar təşkil olunur və bu liqalarda Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin nəzdində olan uşaq futbol məktəblərinin komandalarının da nəqliyyat xərclərini AFFA ödəyir. Üstəlik, müəyyən oyunlar Olimpiya İdman Komplekslərinin meydanlarında keçirilir ki, bunun da müqabilində icarə haqqı AFFA-nın hesabına təmin olunur və AFFA Gənclər və İdman Nazirliyinin bu istiqamətdə dəstəyindən minnətdar olardı.
Qeyd olunub ki, futbol pandemiya dövründə ölkəmizdə bəzi turnirlərin mütəmadi qaydada keçirildiyi, üstəlik, ümumilikdə, U-9-dan U-19-a qədər bütün yaş qrupları üzrə yarışların mövcud olduğu yeganə komanda idman növüdür.
Son illər ərzində ölkəmizdə bir sıra əhəmiyyətli beynəlxalq turnirlərin və oyunların da təşkil olunduğu barədə məlumat verilib. Nazirin diqqətinə çatdırılıb ki, Azərbaycanda 2012-ci ildə FIFA U-17 qadınlararası dünya çempionatı, 2014-cü ildə futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”, 2016-cı ildə UEFA U-17 Avropa çempionatı, 2019-cu ildə UEFA Avropa Liqasının final oyunu və 2021-ci ildə UEFA Avro-2020-nin final mərhələsinin 4 qarşılaşması Bakıda təşkil olunub.
Nazirə məlumat verilib ki, son 10 ildə çox önəmli infrastruktur layihələri həyata keçirilib. AFFA tərəfindən AFFA-nın inzibati binasının ərazisində Futbol Akademiyası, “Bakcell Arena”, “Dalğa Arena”, Bayıl stadionu, Mərdəkanda Milli Komandaların Məşq Mərkəzi, Ağsu şəhər stadionu, Tovuz rayonunda Futbol Akademiyası inşa olunub, hazırda Şamaxı şəhər stadionunun inşası davam edir. Yaxın gələcəkdə Gəncə şəhərində də Futbol Akademiyasının tikilməsi nəzərdə tutulub. Bunlardan əlavə, Zirə İdman Kompleksinin, Sumqayıt Futbol Klubunun stadionunun əsas meydanının təbii ot örtüyü, “Neftçi” PFK-nın “Türkish Airlines” Bazasında təbii örtüklü 3 ədəd məşq meydanı, Bakı Olimpiya Stadionunun ərazisində 2 ədəd təbii örtüklü məşq meydanı AFFA tərəfindən inşa olunub. Bakıda və respublikanın müxtəlif bölgələrində 150-dən çox süni örtüklü meydança tikilərək əhalinin təmənasız istifadəsinə verilib. Bütün bu layihələr ilk növbədə dövlətimizin, FIFA və UEFA-nın və sponsorların maliyyə dəstəyi ilə AFFA tərəfindən həyata keçirilib.
Qeyd olunub ki, uzun illərdir SOCAR AFFA-nın baş sponsorudur və futbolda stabil maliyyənin təmin olunmasında AFFA-ya böyük dəstək göstərir. Həmçinin, AFFA-nın bir neçə başqa sponsoru da var, lakin pandemiya ilə əlaqədar hazırkı tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi və yeni sponsorların tapılması istiqamətində müəyyən çətinliklər mövcuddur.
Görüşün sonunda vurğulanıb ki, AFFA bundan sonra da futbolun inkişafı, sağlam həyat tərzinin təbliği və təşviqi istiqamətində fəaliyyətini davam etdirəcək.
Gənclər və İdman naziri Fərid Qayıbov səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.
Geri qayıt