Dünya azərbaycanlıları həmrəylik gününü birgə qeyd edib

Dünya azərbaycanlıları həmrəylik gününü birgə qeyd edib Diasporla İş üzrə Dövlət Komitəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans təşkil edib. Konfransda iştirak üçün açıq və şəffaf qeydiyyat platforması təşkil olunub və arzusunda olan hər kəs tədbirə qoşula bilib. 500 nəfərə yaxın azərbaycanlının, Türkiyə diasporunun təmsilçilərinin, eləcə də Azərbaycana dost ölkələrin nümayəndələrinin iştirak etdiyi virtual konfransda əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağda tarixi qələbəmiz, ordumuzun qəhrəmanlıqları və dünya azərbaycanlılarının Vətən müharibəsi dövründə aktiv fəaliyyəti barədə çıxışının videoyazısı nümayiş etdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımızı Qarabağda əldə etdiyimiz tarixi zəfər, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. İstər pandemiya, istər Tovuz təxribatı, istərsə də Vətən müharibəsi dövründə göstərdikləri milli həmrəyliyə görə təşəkkür edib: “Təbii ki, bu mütəşəkkilliyin əsasında dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqəti, qayğısı dayanır. Azərbaycan diasporunun vəziyyəti, inkişafı və dünyada real gücə, söz sahibinə çevrilməsi dövlət başçısının daim diqqətindədir. Diasporumuzun çevikliyində, birliyində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin rolu xüsusi qeyd edilməlidir”.
Komitə sədri rəhbərlik etdiyi qurumun 2020-ci ildəki fəaliyyəti barədə ətraflı məlumat verib, görülən işlərlə bağlı videohesabat təqdim olunub.
Videokonfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə yeni yaradılan “YAŞAT” Fondunun təqdimatını edib və konfrans iştirakçılarının Fondun gələcək fəaliyyətilə bağlı suallarını cavablandırıb.
Sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Fond haqqında, eləcə də Fonda daxilolmalar və fonddan edilən ianələr barədə çıxış edib.
F.Muradov bildirib ki, bu gün bir qrup soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunur və bu proses davam edəcək. Bu, dövlətimizin Azərbaycan diasporuna diqqət və qayğısının bariz nümunəsidir.
Təltif olunan diaspor fəalları ölkə rəhbərliyinə təşəkkür edib, Azərbaycan xalqını əldə edilən Zəfər və Yeni il münasibətilə təbrik edib, bundan sonra da Azərbaycanın dünyada təbliği, milli maraqlarımızın müdafiəsi, diaspor fəaliyyətinin gücləndirilməsi yolunda fədakarlıqla çalışacaqlarını bildiriblər. Konfrans iştirakçıları ilk dəfə bu sayda diaspor nümayəndəsinin, diasporu təmsil edən bu qədər görkəmli şəxsiyyətin virtual olaraq bir araya gəlməsini yüksək qiymətləndirərək qeyd ediblər ki, dünya azərbaycanlıları heç vaxt bugünkü kimi həmrəy olmamışdı, biz diaspor tarixinin ən böyük milli birliyini yaşayırıq. Müharibədə qələbə qazanmaqla yeni bir mərhələyə qədəm qoymuşuq. Həm diasporu, həm də Komitəni bundan sonra böyük işlər gözləyir və biz daha böyük məsuliyyəti bölüşməliyik.
Videokonfrans boyunca xaricdəki soydaşlarımızın ifasında müxtəlif musiqi nömrələri də təqdim olunub.

Geri qayıt